Vidadi İsgəndərli “Emil Məmmədov içəridədir”, Emil Məmmədov “bayırdayam” deyir

Hazırda oxunan: Vidadi İsgəndərli “Emil Məmmədov içəridədir”, Emil Məmmədov “bayırdayam” deyir

46262

Bakıda baş verən terror hədəsinə görə Göyçayda başlayan istintaqa hansı məmur təzyiq edir?



“Məmmədovların istintaqa təzyiqi ilə mənim şikayətim üzrə saxlanan Emil Məmmədova qarşı cinayət işi açılmır”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında insan haqlarının müdafiəçi Vidadi İsgəndərli deyib. Yada salaq ki, mayın 11-də hüquq müdafiəçisinin mobil telefonuna gizli nömrədən zəng edən şəxs nəqliyyat naziri Ziya Məmmədov və yaxınları haqqında bir daha xəbər yaysa, onu ölümlə təhdid etmişdi. İnsan haqları müdafiəçisinin dərhal polisə etdiyi şikayətdən sonra Göyçay Rayon Polisi İdarəsi 1 ilə yaxındır Vidadi Məmmədovun facebook sosial şəbəkəsindəki səhifəsinə hədə, təhdid dolu mesajlar yazan Emil Məmmədovu saxlamışdı.

Bu arada bəlli olub ki, artıq Emil Məmmədov sərbəst buraxılıb. Facebook sosial şəbəkəsindəki profili üzərindən “Yeni Müsavat”la əlaqə saxlayan Emil Məmmədov bildirib ki, o heç bir gün də həbsdə qalmayıb: “Vidadi Məmmədovun mənim haqqında yaydığı informasiyaların hamısı yalandır. Mən mayın 11-də Göyçay Rayon Polis İdarəsinə çağırılmışam, orada 2 saat izahat yazaraq durumu izah etmişəm, sonra da məni 20 manat cərimələyərək sərbəst buraxıblar.

- Sizi nəyə görə cərimələdilər?

- Vidadi Məmmədovun telefonuna gizli nömrədən zəng etdiyimə görə.

- Demək, sizin Vidadi Məmmədova zəng edərək hədələdiyiniz sübut olunub.

- Yox, olunmayıb.

- Bəs o zaman sizi niyə cərimələyiblər?

- Gizli nömrədən zəng etdiyimə görə.

- Axı gizli nömrədən zəng edilməsi cinayət deyil, cərimə yalnız telefon zəngində xuliqanlıq elementləri olarkən mümkündür...

- Mən onu terrorla hədələməmişəm.

- Vidadi İsgəndərli iddia edir ki, siz 1 ildir Facebook sosial şəbəkəsindəki səhifənizdən ona təhdid, təhqir mesajları yazırsız, o, həmin mesajları istintaqa təqdim edib və siz istintaqda bunları yazdığınızı etiraf etmisiniz.

- Belə bir şey olmayıb. Vidadi İsgəndərli deyir ki, guya mən Ziya Məmmədovun, İldırım Məmmədovun, onların övladlarının adını çəkmişəm, onlardan ayda 3500 manat pul aldığımı etiraf etmişəm. Bunların hamısı böhtandır. Mən o insanları tanımıram, onlarla heç bir əlaqəm yoxdur, olmayıb. O, dəfələrlə bu haqda sosial şəbəkələrdə status yazıb, ancaq hamısı əsassızdır.
- Əgər Vidadi İsgəndərli sizə böhtan atırdısa, siz niyə polisə şikayət etmirdiz?
- Mən ona fikir vermək istəmirdim. Deyir, guya qızının şəklini facebok-a yerləşdirib təhqir statusları yazmışam. Bunların hamısını Vidadi İsgəndərli özü edib.
- Vidadi İsgəndərli deyir ki, siz jurnalistsiz.
- Mən gün.az saytı ilə əməkdaşlıq etmişəm. Sonradan maddi problemlər yarandığı üçün saytdan ayrılmışam.
Onu da deyək ki, Emil Məmmədovun facebook profilində onun 1news.az  saytında işlədiyi yazılıb.
Vidadi İsgəndərli isə “Yeni Müsavat”a deyib ki, Göyçay Polis İdarəsinin rəsmiləri mayın 16-da səhər saatlarında Emilin polis idarəsində saxlandığını deyiblər: “Səhər saatlarında mənim facebbok-dakı səhifəm növbəti dəfə bağlandı. Mən bu məsələdə eyni şəbəkədən şübhələndim. Sonra eşitdim ki, Emil azadlıqdadır. Göyçay polisi ilə əlaqə saxladım. Polis rəisinin Faiq adlı müavin mənə and-aman elədi ki, Emil içəridədir. İnanmağım üçün mənə bildirdi ki, istəyirsən qardaşın gəlsin Emili ona göstərək. Qardaşım Oqtay İsgəndərov yaxın saatlarda polisə gedəcək. O, Emili üzdən tanıyır”.
Vidadi İsgəndərli iddia edir ki, bütün bu anlaşılmaz durum Ziya Məmmədov və onun yaxın çevrəsinin istintaqa təzyiq etməsinə görə yaranır: “Məndə olan xəbərə görə, Emili səhər həbs edir, axşam azad edirlər. Məmmədovlar bu məsələnin Göyçaydan kənara çıxmaması və tezliklə bağlanması üçün nə mümkündür, edirlər. Faktiki olaraq bu təzyiqlərə görə polisin qanunları icra etməyə gücü çatmır. Mən heç bir şübhə etmirəm ki, Emil Məmmədov Ziya Məmmədovun yaratdığı şəbəkənin üzvüdür. Polisdə mənə açıq deyirlər ki, Emil tək deyil. Ancaq absurd odur ki, mən Bakıda hədələndiyim halda bu işi Göyçayda aparırlar. Mən dəfələrlə demişəm ki, mənə Bakıdan zəng edilib, zəng edilərkən mənim evimin altında idmançı görkəmli insanlar görmüşəm, iş Bakıda araşdırılmalıdır. Ancaq ”gizli əl" buna imkan vermir. Mən əminəm ki, polis Emilin bu işi kiminlə gördüyünü də bilir. Söhbət daha 2 nəfərdən gedir. Mənim facebbok profilimə yazan, sosial şəbəkədəki səhifəmi dağıdan da bir neçə nəfərdir. Polis bu insanları aşkar etsə də onların adı məndən israrla gizlədilir. Məmmədovlar həmin şəxsləri himayə etdikləri üçün polis onlara yaxın düşə bilmir".
Vidadi İsgəndərli deyir ki, hüquqlarının müdafiəsi, onu və ailəsini terrorla hədələyənlərin kimliyini ortaya çıxarmaq üçün qanun çərçivəsində səylərini davam etdirəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin