Ali Sovetin keşmiş sədri Yaqub Məmmədov 1992-ci ilin 14-15 may hadisələriylə bağlı Moderator.az-a verdiyi geniş müsahibədə qeyd edir ki, 94-cü ilin yanvarın 4-də Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev ona zəng edərək şəhərdən heç yerə çıxmamasını və prezident Heydər Əliyevin onu qəbul edərək bir vəzifəyə təyin edəcəyini bildirsə də nə zəng edən olub, nə vəzifəyə təyin edən”¦
Biz Rəsul Quliyevlə əlaqə saxlayaraq keçmiş həmkarının fikirlərinə aydınlıq gətirməsini xahiş etmişik:
“Yaqub müəllimin şəxsiyyətinə həmişə hörmətlə yanaşmışam. Baxmayaraq ki,1992-ci ildə bir dəfə məni Quba rayonunda tapıb (onda o prezidenti əvəz edirdi və namizədliyini irəli sürmüşdü) E.Məmmədovu təbliğ etdiyimə görə iradını bildirmişdi. 1994-cü ildə ona söz verib ancaq H.Əliyevlə görüşünü təşkil etmədiyim yadıma gəlmir. Çünki söz vermişdimsə nə üçün onu yerinə yetirməmişəm-bunu təsəvvür edə bilmirəm. Ola bilər ki, Əliyev onunla görşməmək üçün elə dəlillər gətirib ki, mən ona təzyiq göstərə bilməmişəm. 1994-95-ci illər Azərbaycanın tarixində ən ağır illər olub. Gündə azı 16 -18 saat işləyirdim. Respublika çox böyük təhlükələrlə üzləşmişdi. Ona görə də ayrı-ayrı şəxslərə kömək etmək üçün kifayət qədər vaxt ayırmaq,konkret Yaqub müəllim barədə kimlər tərəfindənsə formalaşdırılmış mənfi münasibəti analiz etməyə vaxt ayırmaq şansı sıfıra bərabər idi. Bunlarla yanaşı onun işdən azad edilməsi prosesini ürək ağrısız oxumamaq mümkün deyil. Yaqub müəllim öz namizədliyini Əbülfəz bəyə görə geri götürməsəydi seçkilərin nə ilə nəticələnəcəyini bilmək çətin olardı. Yaqub müəllimin ən böyük səhvi Mütəllibovun 14-15 mayda yenidən hakimiyyətə gəlməsinə kömək etməsi oldu.”


































































































