Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə-Ermənistan münasibətləri, Ukraynada baş verən proseslərlə bağlı fikirlərini bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Qüdrət bəy, ermənilərin qondarma soyqırımı ərəfəsində Türkiyənin həm prezidenti, həm də baş naziri ermənilərə 1915-ci ildə baş verən hadisəyə görə başsağlığı verdi və dolayısı yolla olmayan bir "soyqırımı" tanıdı. Sizcə AKP hakimiyyətinin məqsədi nədir?
- Türkiyənin əvvəlcə baş naziri Rəcəb Tayyib Ərdoğanın, sonra prezidet Abdulla Gülün ermənilərə qondarma soyqırıma görə başsağlığı verməsi, hətta Türkiyəni faşist Almaniyası ilə müqayisə etməsi və Abdulla Gülün deməsi ki, "biz öz utancımızı və cinayətlərimizi artıq etiraf edirik", bu onu göstərir ki, Türkiyənin indiki rəhbərliyi demokratik düşüncəli insanlar arasında nüfuzunu itirdiyinin fərqindədir. Bu kimi, əslində öz xalqının maraqlarına uyğun olmayan addımlar atmaqla Qərbin ermənipərəst siyasi dairələrinin dəstəyini qazanmaq istəyirlər. Türkiyənin indiki iqtidarının belə mövqe sərgiləməsi həm də Dağlıq Qarabağ probleminin həllini çətinləşdirir. Ona görə ki, beynəlxalq aləm də, biz də həmişə özümüzü Türkiyə ilə eyniləşdirmişik. Fakiki Türkiyənin prezidenti və baş naziri beynəlxalq birlik qarşısında erməni xalqına qarşı onların babalarının "cinayətlər" törətdiklərini söyləməklə Türkiyəni xeyli dərəcədə çətin duruma saldılar. Bir sözlə, onlar erməniyə rəğbət qazandırırlar və Ermənistanın işğalçı dövlət kimi təcrid olunmasını çətinləşdirirlər. Eyni zamanda, işğalçı ölkəyə müəyyən təzyiqlər olunmasını mümkünsüz edirlər. Bundan sonra Ermənistan baş nazirin və prezidentin məlum başsağlığından sonra təzminat istəyəcək. Bundan sonra kürd separatçıları daha da aktivləşəcək. Məsələn, mənim üçün o zaman çox da uzaqda deyil ki, Öcalan azad olunacaq, PKK terrorçularından da üzr istəniləcək. Çünki PKK-nın bu gün etdiklərini ermənilər 1915-ci ildə edib və daha qanlı şəkildə.
- Bu ilin avqustunda Türkiyədə prezident seçkiləri keçiriləcək. Bütün bu addımlar seçkilərdə söylədiyiniz qüvvələrin dəstəyindən faydalanmağa hesablana bilərmi?
- Birmənalı şəkildə belədir. Qərb artıq Ərdoğanı diktator kimi qəbul etməyə başlayıb və mətbuat bu barədə yazır. Ərdoğan hesablayıb ki, ermənipərəst diaspora onun lobbiçiliyini aparacaq. Necə ki, separatçı kürdlər bələdiyyə seçkilərində Ərdoğanın partiyasına səs verdilər. Erməni diasporası da bu siyasəti davam etdirəcək və Qərbdə Ərdoğanın lobbiçiliyini aparacaqlar ki, birdən türk millətçisi hakimiyyətə gələ bilər. Bu baş verməsin deyə Ərdoğana üstünlük verəcəklər. Artıq AKP öz əməllərilə buna yol açıb. Hətta erməniləri ümüdləndirdilər ki, gələcəkdə kompensasiya verə, sərhədləri aça bilərik, Ermənistanın iqtisadiyyatının gücləndirilməsini həyata keçirmək üçün çox böyük investisiyalar yatırarıq. Bütün bunlar baş verərsə faktiki surətdə Amerika, Avropa Birliyi, o cümlədən Rusiya Ermənistanın saxlanmasını Türkiyənin üzərinə qoya bilər ki, erməniləri yaşatmaq sənin borcundur. AKP hakimiyyəti də hiss elətdirdi ki, bunları eləməyə hazırdı. Ərdoğan bunları öz hakimiyyətini sıxlamaq üçün eləyir.
- Ukraynada baş verən son proseslərlə bağlı fikrinizi bilmək istərdik.
- Ukraynada baş verən hadisələr Rusiya xüsusi xidmət orqanları tərəfindən çox ciddi şəkilə əvvəlcədən hazırlanıb. Əslində Rusiya keçmiş prezident Yanukoviçi sözdə müdafiə edirdi. Hadisələrin sonrakı gedişi də bunu təsdiqlədi. Yəni Rusiya istəsəydi Yanukoviçin əliylə Maydanı qısa bir müddətdə dağıdardı. Yanukoviç də öz səlahiyyətlərini başa vura bilərdi. Ancaq bu variant Rusiyanı qane eləmirdi. Rusiya hazırlaşırdı ki, Krımı Ukraynadan qopartsın və bu ölkənin daxilində bir xaos yaşansın. Rusiya görürdü ki, Ukraynada xalqın birmənalı şəkildə inandığı nüfuzlu və təcrübəli bir siyasətçi yoxdu ki, Yanukoviçdən sonra dövlətin məsuliyyətini öz üzərinə götürə bilsin. Timoşenko bütün dünya miqyasında dələduz, korrupsioner kimi tanınıb, Poroşenko iş adamıdır və iş adamının da dünyagörüşü, maraqları tamam başqadır. O da nüfuzlu siyasətçi deyil. Yəni indiyə kimi özünü təsdiq edə bilməmiş bir siyasətçidir. Kliçko da cavandı, başından o qədər zərbə alıb ki... Həm də Almaniyanın əlində bir oyuncaqdır. Rusiya görürdü ki, xalqı səfərbər edib arxasınca apara biləcək nə güclü bir partiya, nə də güclü lider yoxdur. Belə olan halda Rusiya Yanukoviçi dəstəkləmədi və ölkədə boşluq yarandı, bundan istifadə edib Krımı tutdu. Hazırda Ukraynada hakimiyyətdə olanlar bilirlər ki, Yanukoviçə Qərb təzyiq elədi və onlar da Qərbin əliylə hakimiyyətə gəldilər. Baxmayaraq ki, Krımdakı Ukrayna hərbçilərinin sayı rus hərbçilərinin sayından bir neçə də artıq idi, ancaq Krımın müdafiəsi üçün indi hakimiyyətdə olanlar heç bir addım atmadılar. Sadəcə söylədilər ki, Rusiya bizi provakasiyaya çəkir. Bundan başqa onlar ilk gündən başladılar ki, Ukraynanın iqtisadiyyatı dağılıb, Ukrayna bankrot vəziyyətindədir, ordusu yoxdur və s. Bir sözlə xalqın psixoloji baxımdan döyüş əzmini qırdılar, sındırdılar. Xalq mübarizə ruhunu itirdi və insanlar artıq fikirləşdilər ki, sabah çörək olmayacaq, bunların maaşları verilməyəcək. Ona görə deyirəm ki, Yanukoviçdən çox indiki hakimiyyətə gələnlər Ukraynaya ziyan vurdular, öz qorxaqlıqlarıyla, əməlləriylə.
- Bu hadisələrdə Qərbin, eləcə də Avropa Birliyini davranışları da qəbuledilməzdir.
- Bu gün Qərbin parlaq bir lideri yoxdur ki, hazırda qılıncını çıxarıb meydan sulayan Rusiyanın qarşısına çıxa bilsin. Ona görə əvvəllər də söyləmişəm, indi bir daha qeyd edirəm ki, Obama demokratik dünya üçün Putindən daha təhlükəlidir. Çünki tarix, bəzən tale necə ki, bir insanın üzərinə missiya qoyur, eləcə də dövlətlərin də üzərinə missiya qoyur. Bu gün demokratik dünyanın aparıcı dövləti həm iqtisadi, həm də hərbi gücünə görə ABŞ-dır. Bu ölkənin hərbi gücü Rusiyanın hərbi gücündən bir neçə dəfə artıqdır. Birinci gündən Amerika ortaya qəti mövqe qoysaydı ki, biz qarant dövlət kimi Ukraynanı bütün vasitələrlə qoruyacağıq, sizi əmin edirəm ki, heç nə baş verməyəcəkdi. Ancaq Putin bilirdi ki, Obamanın cəsarəti və xarakteri imkan verməyəcək ki, belə bir bəyanatla çıxış eləsin.






























































































