“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin birinci ildönümünü qeyd etdiyimiz bu günlərdə hər birimiz haqlı qürur, fəxarət hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır. Və mən əminəm ki, illər keçsə də, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəni, bu zəfərin memarlarını heç vaxt unutmayacaqdır!”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Zəfər gününə həsr etdiyi məqaləsində qeyd edib. Xanım sədr yazısında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində qazandığı zəfərin və torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malik olduğunu da qeyd edib.
“Bu tarixi qələbə sayəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirdi”.
S.Qafarova qələbəyə gedən yolda 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra başlatdığı qətiyyətli yoldan, onun torpaqlarımızı azad etmək üçün prioritet saydığı məsələlərdən də söz açıb. O, bildirib ki, Heydər Əliyevin 1994-cü ildə imzaladığı atəşkəs müqaviləsi ilə aktiv döyüşlər dayandırılsa da, Ermənistan hərbi-siyasi təxribatlarını uzun illər davam etdirib.
“Münaqişənin həllinə vasitəçilik aparmaq məqsədilə yaradılan ATƏT-in Minsk qrupu bu institutun 30 ilə yaxın davam edən vasitəçiliyi heç bir nəticə verməyib”.
Sahibə Qafarova həmçinin məqaləsində bu illər ərzində Azərbaycanın hər zaman problemin sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri dəstəklədiyini, ermənilər isə bunun tam əksinə etdiyi hərəkətləri də diqqətə çatdırıb.
Müharibədə qazanılan qələbəni o, belə şərh edib:
“27 sentyabr 2020-ci ildə başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə də qazanılan qələbə ilə başa çatıb. Dünya miqyasında ən güclü ordular sırasında olan Azərbaycan Ordusu öz qüdrətini bir daha nümayiş etdirdi”.
Parlamentin sədri müharibədən sonra bölgədə aparılan quruculuq işlərindən, açılacaq yeni komunikasiya xətlərindən, iqtisadi, siyasi inkişafdan və dövlətin şəhid və qazi ailələrinə göstərdiyi dəstəkdən də söz açıb. O, həmçinin qeyd edib ki, müharibə ilə əlaqədar qanunvericilik bazasının möhkəmləndirilməsi üçün parlament də bir sıra bəyanat, qərar və digər sənədlər qəbul edib.
Sonda Sahibə Qafarova Azərbaycan xalqına qələbə sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevi və Müzəffər ordumuzu təbrik edib.
“Biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qaytardıqlarına görə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə əbədi minnətdarlıq borcumuz var. Odur ki, biz qürurla söyləyirik: Müdrik rəhbərimizə, qəhrəman ordumuza, mətin xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Bizim.Media