Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma təməli qoyulan Şuşa Radio-Televiziya Yayım Stansiyası barədə məlumat verildi.
Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Belə ki, stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qaldığından buradakı avadanlıqlar zədələnmişdi, texniki binada ciddi dağıntılar baş vermişdi. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı.
Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında ötən il dekabrın 31-dən radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Belə ki, stansiyadan yayımlanan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllənin və texniki binanın inşası Azərbaycanın telekommunikasiya sisteminin inkişaf etdiyi ölkələrdən birinə çevrildiyinin daha bir sübutudur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoydular.
İnşa olunacaq yeni qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.
Bizim.Media