“Azərbaycanın Türkmənistan və İran siyasəti Kremli narahat edir”

Hazırda oxunan: “Azərbaycanın Türkmənistan və İran siyasəti Kremli narahat edir”

44343

Azərbaycan prezidentinin bir günlük İran səfəri fərqli yozumlara səbəb olub. Hazırkı həssas geosiyasi durumda uzun illərdir aralarında soyuq küləklər əsən İran-Azərbaycan münasibətlərində sürətlə istiləşmənin arxasında beynəlxalq münasibətlər sistemində yaranmış gərgin situasiya dayana bilər. Məsələ ondadır ki, hazırda Qərb və Rusiya arasında Ukrayna ətrafında ciddi gərginlik yaranıb. Belə bir vəziyyətdə Azərbaycanın önəmi xeyli dərəcədə artıb. 


Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, eyni zamanda Avropanın qaz bazarına iddialı olması Rusiyada narazılıqla qarşılanır. İlham Əliyevin uğurlu İran ziyarəti öncəliklə həssas bir dönəmdə, Azərbaycanın müstəqilliyinə Rusiya təhlükəsinin artması kontekstində reallaşıb. Bəs hazırkı həssas vəziyyətdə İlham Əliyev hazırkı mürəkkəb geostrateji durumdan çıxa biləcəkmi? 

Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, son hadisələrin fonunda Azərbaycan üçün təhlükəli vəziyyət yaranmaqdadır. Ekspertin fikrincə, indiki halda rəsmi Bakı son dərəcədə ehtiyatlı olmağa çalışır: “Rusiyanın Krımı işğal etməsi və Ukraynanı parçalamağa başlaması bir çox dövlətləri narahat edib. Hamı eyni sualı verir: Kremlin növbəti hədəfi hansı dövlət ola bilər? Çünki Kremlin iştahası getdikcə artır və Rusiya Krımı işğal etməsinin ardından özündə güc hiss edir. Bu təhlükəni İlham Əliyev də görür. Bu baxımdan Azərbaycana səfərlərin artması təsadüfi deyil, biri gedir, biri gəlir. Elə İlham Əliyevin özü də fəal diplomatik həmlələrə baş vurur. Əliyev Rusiyanın mümkün təhlükələrindən qurtulmaq üçün Kremli qıcıqlandırmamaq siyasətinə üstünlük verir. 

Məsələn, rəsmi Bakı beynəlxalq təşkilatlarda birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq Krımın işğalı ilə bağlı rəsmilərimizin dilindən bircə kəlmə də açıqlama eşitmədik. Halbuki işğalçı bəllidir. Buna baxmayaraq, İlham Əliyevin Türkmənistan və İranla münasibətləri normallaşdırmağa çalışması Kremli narahat edir. Çünki Azərbaycanın Türkmənistanla və İranla münasibətlərinin normallaşdırılması perspektivi bölgənin zəngin qaz ehtiyatlarının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına daşınması deməkdir. Bu isə Avropanın Rusiya qazından asılılığının tədricən azalması deməkdir. 

Ona görə də Əliyev Kremli qıcıqlandırmaq istəməsə belə, özünün də vurğuladığı kimi, Azərbaycanın bölgənin açar dövləti statusu iddiası Kremli rahat buraxmır. Demək, təzyiqlərə hazır olmalı və həqiqi müttəfiqlərimizlə əməkdaşlığı genişləndirməliyik ki, Kreml Azərbaycanın Ukraynaya bənzəmədiyini anlasın”. 

Bəs Rusiya Azərbaycanın bu addımlarına sərt qarşılıq verə bilərmi? E.Şahinoğlunun fikrincə, hazırda Rusiyanın Azərbaycana təzyiq etmək üçün müəyyən rıçaqları var: “Kremlin Azərbaycana qarşı əlində 3 aləti var: Birinci alət - Kreml Azərbaycan-Ermənistan cəbhə bölgəsində atəşkəsin pozulmasını genişləndirməklə təxribatların sayını artıra bilər. İkinci alət - Kreml Azərbaycanın şimal bölgələrində separatçı meylləri gücləndirə bilər. Bu məqsədlə Rusiyanın müxtəlif şəhərlərində radikal ləzgi təşkilatların konfranslarının da təşkili mümkündür; Üçüncü alət - Kreml Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı miqrantlara qarşı siyasətini sərtləşdirə bilər”. 

Azərbaycanın bu təzyiqlərə qarı immunitetinin nə dərəcədə olmasına gəlincə, E.Şahinoğlu deyir ki, Azərbaycanın Rusiya qarşısında güclü müttəfiqi var: “Rəsmi Bakı Kremlin əlinə bəhanə verməyib. Tiflisdən fərqli olaraq  NATO-ya üzvlüyə çalışmır, hətta Avropa Birliyi ilə assosiativ saziş də imzalamadı. Ukraynadan fərqli olaraq Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var. Ankara Rusiyanın Azərbaycana qarşı təzyiqlərinə seyrçi qalmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin