Zukerberqin QORXULU planı – “Meta” bəşəriyyətin sonunu gətirəcək?

Hazırda oxunan: Zukerberqin QORXULU planı – “Meta” bəşəriyyətin sonunu gətirəcək?

43832

“Facebook” şirkətlər qrupunun ad dəyişikliyi bütün dünyada əsas müzakirə mövzularından birinə çevrilib. Milyardlarla istifadəçisi olan “Facebook”, “İnstagram”, “WhatsApp” kimi sosial şəbəkələri özündə birləşdirən şirkətin yeni adı isə “Meta” olacaq.

Ümumilikdə şirkətin ad dəyişikliyinə getməsi, o qədər də qeyri-adi addım olmasa da, seçilən yeni isimin özü narahatlıq doğurmaya bilməz.

Əvvəlcə “Meta” anlayışı barədə...

“Meta” və ya “Metaverse” internetin təkamülünün növbəti mərhələsi kimi qəbul edilir. Bu anlayış ilk dəfə 1992-ci ildə Nil Stivensonun “Qar çöküşü” adlı kitabında öz əksini tapıb. Hərfi mənada isə, meta-digər, verse-dünya mənasını ifadə edir və ya “dünyanın digər tərəfi”  formasında ifadə oluna bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Facebook”un loqosu şirkətin baş qərargahında dəyişdirildi – FOTO


Ümumilikdə, “Metaverse” bir sıra simulyasiya oyunlarının hamısının bir arada cəmləşdiyi yeni hiper-real dünyanı ifadə etmək üçün istifadə olunur. Belə ki, sözügedən simulyasiyada oyunçuların yaratdığı xarakterlərin etdiyi kimi, insanların özləri də gündəlik həyatda yerinə yetirdikləri fəaliyyətləri istədikləri formada və rahatlıqla həyata keçirə biləcəklər. Yəni, bu xəyali dünyada insanlar istənilən yerə rahatlıqla səyahət edə, dostları ilə görüşə və ya çalışa bilərlər.

Bir sözlə, xəyali dünyada insanlara arzu etdikləri həyatı yaşamaq imkanı yaranır. Digər bir misalda isə, “Marvel” və “DC” komikslərini örnək göstərə bilərik. Belə ki, hər iki komikslərdə super qəhramanlarla insanların birlikdə mövcud olduğu bir-biri ilə heç bir ortaq bağlılığı olmayan xəyali dünyadan bəhs olunur. Lakin iki “dünya”nın eyni vaxtda yaşadığımız dünya ilə birlikdə insanlara təqdim edilməsi məhz “Metaverse”-ü izah etmək üçün istifadə oluna bilər.
 

“Meta” dünyasında iştirak etmək üçün isə xüsusi eynəklərdən istifadə olunması düşünülür. “VR” eynəklərin inkişaf etdirilmiş örnəklərinin bu dünyaya daxil olmaq üçün əsas vasitəçi olacağı güman olunur. 


Zukerberqin böyük xəyalı

“Facebook”  xəyali dünyanın yaradılması ideyasını reallaşdırmaq üçün hələ 2014-cü ildən hərəkətə keçib. Belə ki, hələ 2014-cü ildə “VR” eynək istehsalçısı olan “Oculus” firması “Facebook”un sahibi Mark Zukerberq tərəfindən 2 milyard dollara alındı və sözügedən texnologiyanın inkişaf etdirilməsi üçün işlər tam sürətlə davam etdirilir. Bu sahəyə “Facebook”-un diqqəti o qədər böyükdür ki, şirkət işçilərinin təqribən beşdə biri “VR” eynəklərin təkmilləşdirilməsi üçün çalışır. Habelə şirkət tərəfindən bu sahəyə hər il 5 milyard dollara yaxın vəsait ayırılır. Son olaraq isə, şirkətin adı “Meta” ilə əvəzlənməsindən bir neçə gün əvvəl, “Facebook” xəyali dünyanın yaradılması üçün Avropadan 10 min nəfərin işə götürüləcəyini elan edib. 
 

Təsadüfi deyil ki, Mark Zukerberq açıqlamalarından birində “Metaverse”-i mobil internetdən sonrakı ən böyük yenilik olduğunu qeyd edib.


Lakin bunu tək bir şirkətin fəaliyyəti ilə reallaşdırmaq mümkünsüzdür. Bu səbəbdən də, Zukerberq kiber sənayenin digər nəhəngləri ilə birgə bu istiqamətdə fəaliyyətə cəlb etməyə çalışır. Bu istiqamətdə, bir sıra ölkələr də fəaliyyətlərinə start veriblər. Belə ki, Cənubi Koreya “Metaverse” ittifaqının yaradıldığını elan edib.

Görünən qədərilə, “Metaverse”-in reallığa çevrilməsinə bu qədər diqqətin ayrılması Mark Zukerberqin kiber dünyada öz monopoliyasını yaratmaq istəyi ilə bağlıdır. Belə ki, rəqabətə qarşı dayanıqsız olan Zukerberq daha əvvəl də “İnstagram” və “WhatsApp” kimi rəqiblərini satın almaqla sosial şəbəkələrin tək lideri olmaq niyyətini artıq nümayiş etdirib. “Meta” dünyasının yaradılması isə, Zukerberqin təkcə kiber dünyanın yox, insanların həyatları üzərində nəzarəti ələ keçirməklə real dünyanın da lideri olmaq niyyətlərindən xəbər verir. 

Texnologiya insanlığın sonunu gətirir?

“Metaverse”-lə bağlı əsas təhlükə isə, insanların real həyatdan daha çox, burada vaxt keçirəcəyi ehtimalıdır. Belə ki, hal-hazırda günümüzün böyük bir hissəsini sosial şəbəkələrdə keçiririk. İndiki vəziyyətdə isə sosial şəbəkələrlə yanaşı, real həyatımızdakı fəaliyyətlərimizin də içərisində olduğu və çox rahatlıqla daxil olmaq imkanı qazanacağımız yeni xəyali dünyanın mövcudluğundan söhbət gedir.
 

Bu isə, insanlığın reallıqdan uzaqlaşaraq sadəcə bir eynək vasitəçiliyi ilə (və ya gələcəkdə yaradıla biləcək digər texnologiya) tamamilə kiberhəyat yaşaması deməkdir.  


Bir sözlə, Zukerberqin öncüllüyünü etdiyi yeni meqa layihə bəşəriyyət üçün “Matrix” ssenarisin gerçəkləşməsi deməkdir. Bu isə, texnologiyanın indiki sürətlə inkişafının insanlığın sonunu gətirməsi ilə bağlı ortaya atılan iddiaların reallaşmasının gözlədiyimizdən də yaxın olduğunu deməyə əsas verir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin