“NATO-ya üzvlük Türkiyənin müstəqil siyasət yürütməsinə ziddir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov Türkiyə-Rusiya münasibətlərinin yeni fazaya keçməsini nəzərə alaraq, Türkiyədə mövcud daxili çəkişmələrin və keçirilən bələdiyyə seçkilərinin ümumilikdə regiona, eləcə də Azərbaycana təsirindən danışarkən bildirib. Onun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, Türkiyəni türk dünyasından ayıran bir neçə nüanslar var: “İlk öncə Türkiyə NATO-nun üzvüdür və məhz bu amil Türkiyənin elit təbəqəsini çoxqütblü və məsafəli rakurslardan çıxış etməyə sövq edir. Lakin Türkiyədə hazırda cərəyan edən hadisələr Türkiyənin onun üçün qurulmuş tələdən xilas olmağa cəhd etdiyini göstərir. Hazırki Türkiyə hakimiyyəti müstəqil siyasət yürütmək niyyətindədir. Lakin NATO-ya üzvlüyü nəticəsində bu cəhdlər onlarda bir qədər çətin alınır. Türkiyədə çox sayda siyasi güclər var. Eyni zamanda, müəyyən mərkəzlər tərəfindən birbaşa və üstüörtülü şəkildə himayə edilən institutlar öz maraqlarına xidmət edir. Və bütün bunlar Ərdoğana qarşı aparılır”.
Bundan əlavə politoloq Ukrayna hadisələrinin MDB dövlətlərinə, o cümlədən Azərbaycana təsirindən də danışdı: “Ukrayna postsovet məkanının bir hissəsidir, ona görə də bütün hadisələr bir-biri ilə bağlıdır. Ukraynada müəyyən sayda Azərbaycan diasporasının nümayəndələri var. Azərbaycan və Ukraynanı çoxşaxəli əlaqələr birləşdirir. Hər iki ölkə iqtisadi, siyasi və hümanitar sahədə əməkdaşlıq edirlər. Lakin Azərbaycan və Rusiya arasında da sıx əlaqələr mövcuddur və bu əlaqələr ümumilikdə slavyan-türk dünyasının Ukraynada baş verənlərin daha geniş aspektdə müşahidə etməsi üçün şərait yaratmış oldu. Azərbaycan mövcud vəziyyətdə yaranan gərginliyi aradan qaldırılması üçün səy göstərən dövlət kimi çıxış etməli və Rusiya Ukrayna arasında razılaşma yolunun tapılması istiqamətində yaxından iştirak etməlidir. Biz birliyə əsaslanan gələcəyimizi əməkdaşlıq dialoqu və müxtəlif unikal mədəniyyət fonunda görməliyik. Bizim məkanımız - slavyan-türk dünyasıdır. Bir tərəfdən elə ona görə də həmin məkan Avropanın bir hissəsi hesab edilir. Digər tərəfdən, həmin məkan alternativ Avropa deməkdir. Bu isə bizim bir tərəfdən Avrasiya sivilizasiyasına mənsub olaraq, özümüzü Avropa ölkəsi hesab etməyimizin sübutudur. Ukrayna məsələsində Azərbaycan obyektiv siyasət yürüdür. Ölkə əsasən öz xalqının maraqlarına dayanaraq, xarici siyasətdə xüsusi missiyasını yerinə yetirir. Azərbaycanın türk dövləti olmasına baxmayaraq, Avrasiya birliyinə də cəlb olunmaqdadır. Lakin bir daha qeyd edirəm ki, biz öz yolumuzla, slavyan-türk istiqamətində irəliləməliyik və üçüncü qüvvənin müdaxilə etməsinə yol verməməliyik. Mövcud geosiyasi vəziyyət bizdən məhz bunu tələb edir”.































































































