İngiltərənin “Aralıq dənizi” siyasi vektorları

Hazırda oxunan: İngiltərənin “Aralıq dənizi” siyasi vektorları

4365

“Al-Monitor” Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın İsraillə gizli danışıqlar apardığı haqqında məlumat yayıb. Nəşr bu məlumatı görüş haqqında məlumatlı İsrailli mənbələrindən əldə etdiyini bildirir. Müəllif, daha öncələr də Livan və Suriyadakı terror fəaliyyətləri ilə bağlı gizli görüşmələrdə adı halanan Hakan Fidanın bu dəfə İsrail rəsmiləri ilə iki ölkə arasındakı münasibətləri normalaşdırmaq üçün görüşdüyünü yazır.

Nəşrin fikrincə, gizli görüşmələrin əsas məqsədi Türkiyə rəhbərliyinin ABŞ prezidenti Co Baydenin prezident seçilməsindən sonra yeridəcəyi siyasətdən ehtiyyat etmələridir. Bayden Trampdan fərqli olaraq Türkiyəni S-400 raketlərinin alınması və Halkbankın İran neft ticarəti ilə bağlı məsələlərdə güzəştə getməyəcəyi və Türkiyəyə qarşı sərt sanksiyalar qoyacağı ehtimal olunur. Nəşr İsrail vasitəsilə Türkiyə rəhbərliyinin Baydenin komandasının Türkiyəyə qarşı tutumunu dəyişdirməyi planlaşdırdığını qeyd edir.

Lakin Türkiyə və İsrail arasıdakı tədrici yaxınlaşmanın səbəblərinin müxtəlif olması ehtimalı yüksəkdir. Çünki məlumatlara görə, Türkiyə və İsrail arasındakı yaxınlaşma birbaşa İngiltərə xarici kəşfiyyat xidməti Mİ6-nın vasitəçiliyi ilə həyata keçirilib. 

Aralıq dənizindəki maraq qrupları

Türkiyə, İsrail və İngiltərənin maraqları Şərqi Aralıq dənizi hövzəsində toqquşur. Bölgənin neft-qaz ehtiyyatlarının bölüşdürülməsində Fransa, Yunanıstan, Misir və Cənubi Kiprlə birgə ciddi idddialara malikdir. Fransa və Almaniya Yunanıstanın və Cənubi Kiprin mövqelərini dəstəkləyir və gərginlikdən istifadə etməklə bölgədə söz sahibi olmağa can atırlar. Çünki bölgə ciddi enerji tələbatına malik Avropa üçün önəmli enerji potensialına malikdir. Bölgənin Avropa ilə daha yaxın əlaqələrə malik Yunanıstan və Cənubi Kipr tərəfindən istismarı Avropa ölkələri üçün olduqca önəmlidir.

Hazırda Fransa Yunanıstan, Kipir və Misirin iştirakı ilə 30 noyabrdan 6 dekabra qədər davam edəcəyi planlaşdırılan hərbi dəniz və hava təlimləri həyata keçirilirir. Fransanın hərbi varlığı ilə yanaşı Almaniya da bölgədə aktivliyini artıraraq Misirə silah tədarükünü davam etdirir. Alman TyhseenKrupp Marina System şirkəti Misirə 2016-cı ildən etibarən 4 sualtı qayığını təvil verib. Eyni zamanda Misir donanması üçün Almaniya tərəfindən 9 mühafizə qayığı təhvil verilib və iki Alman Meko tipli hərbi gəminin quraşdırılması həyata keçirilir. Xatırladaq ki, Almaniya bölgədəki
gərginliyin həllində dialoqa dəvət edən əsas ölkə hesab olunur.

İngiltərənin bölgədəki maraqları

İngiltərə Cənubi Kiprdə yerləşən iki hərbi bazaya malikdir. İngiltərə nəzarətində olan ərazilərdə 1960-cı ildə imzalanmış müqaviləyə əsasən Ağrotur və Dekelya adlı iki hərbi bazası var. Cənubi Kiprdəki İngilis hərbi bazaları bütün Yaxın Şərq regionundakı hərbi əməliyyatalrın gedişində aktiv istifadə olunur. Problem isə hərbi bazaların dəniz sahələrinin qeyri-müəyyən olmasıdır. Cənubi Kiprlə tam razılığın olmaması İngiltərəinin öz bazalarının dəniz sahələrini əsas tutaraq Şərqi Aralıq dənizindəki neft-qaz yataqlarına iddia etməsidir.

Bu təhlükə Yunanıstan və Cənubi Kipri İngiltərə ilə qarşı-qarşıya qoyan əsas səbəblərdəndir.
Lakin İngiltərə üçün enerji yataqlarından daha çox bölgədəki hərbi bazalarının gələcəyi önəmlidir. İngiltərə daha uzun müddət Cənubi Kiprdə mövcudluğunu saxlamağı hədəfləyir. Bu səbəblə də vaxt aşırı Türkiyə ilə yaxınlıq sərgiləyir. Bəzin isə İngilis siyasəti Cənubi Kiprin maraqları istiqamətinə yönəlir. İngiltərənin İsrail və Türkiyə arasındakı münasibətləri bərpa etmək fəaliyyətinin arxasında da məhz bu prioritet dayanır. 

İngilis siyasətinin istiqamətləri

İngiltərə bölgədəki hərbi bazaları səbəbi ilə özünü İsrail və türkiyə ilə birgə bölgənin yerli gücü hesab edir. Digər hər kəs isə kənar qüvvələrdir və bölgəyə müdaxilələri təhlükəlidir.

Birincisi, İngiltərə Fransa və Almaniya kimi Avropa ölkələri ilə əzəli rəqabət içərisindədir. Fransanın Yunanıstanı açıq dəstəkləməsi və Almaniyanın Misiri silahlandırmasına qarşı öz maraqlarını təmin etmək məqsədi ilə İsrail və Türkiyənin birliyini təmin edir. Çünki Şərqi Aralıq dənizində əsas ərazi problemi Türkiyə ilə Yunanıstan və Cənubi Kipr arasında yaşanır. İsrail və Türkiyə arasında ciddi ərazi iddiaları isə müşahidə olumur. Fransanın və Almaniyanın bölgəyə müdaxiləsinin qarşısını almaq üçün Türkiyə və İsrailin birliyinin təmin olunması olduqca əhəmiyyətlidir.

Çünki bu ölkələr bölgənin təhlükəsizliyi üçün xarici aktorların bura müdaxiləsinə qarşıdırlar. Əgər onlar arasında ziddiyyət yox, razılaşma olarsa, bu bölgədə qüvvələr balansının da sabitliyini təmin edəcək. Bölgədə güc nisbətlərinin dəyişməməsi isə ən çox İngiltərəyə sərf edir. Türkiyə təsirinin daha da aktiv olması Cənubi Kiprin İngilis hərbi bazalarına məcbur olmasını şərtləndirəcək. Beləcə, həm hərbi bazaların davamlılığı təmin olunmuş olacaq, həm də irəlidə enerji resurslarına iddiaları üçün zəmin dəyişməz olaraq qalacaq.

İkincisi, bölgədə Suriyadakı hərbi varlığını əsas alaraq Rusiyanın güclənməsi müşahidə olunur. Rusiyanın bölgədəki varlığı ABŞ-ya yanaşı İngiltərənin də maraqlarına ziddir. Rusiyanın Şərqi Aralıq dənizi bölgəsinə iddalarının genişlənməsi irəlidə Türkiyə ilə birgə fəaliyyəti doğura bilər ki, bu İngiltərə üçün yolverilməzdir. İstənilən halda Rusiyanın bölgəyə müdaxiləsinin qarşısı alınmalıdır. Rusiya da bölgə üçün xarici aktordur və Türkiyə-İsrail cütlüyünün maraqları üçün də təhdiddir. Digər tərəfdən Rusiyanın bölgədə güclənməsi ABŞ-ın zəruri müdaxilə ehtimalını şərtləndirəcək ki, bu da gərginliyin daha da böyüməsinə səbəb olacaq. Bu ehtimalda bölgə ABŞ və Rusiya arasındakı toqquşma zonasına çevriləcək və hər kəs itirəcək.

Üçüncüsü, ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən sonra xarici siyasətdə ciddi dəyişikliklərin olacağı proqnozlaşdırılır. Bu dəyişikliklər içərisində ABŞ-ın Şərqi Aralıq dənizi regionda daha aktiv fəaliyyətə keçəcəyi ehtimalı da yer alır. ABŞ bölgədəki anlaşmazlıqlarda daha çox Yunanıstanı dəstəkləyir. Çünki yeni enerji yataqlarının əldə edilməsi Avropanı Rusiyadan və Cənub dəhlizindən enerji asılılığını daha da azaldacaq. Avropa ölkələrinin Rusiyaya qarşı daha rahat hərəkət etmələrinə imkan yaradacaq.

Əgər Bayden bölgədə ABŞ-ın varlığını daha da gücləndirərsə, bu yenə də qüvvələr balansını dəyişdirəcək və İngiltərə maraqları üçün təhlükə törədəcək. İstənilən halda ABŞ-da bölgə üçün xarici gücdür və ABŞ-ın Türkiyə qarşısında yer alması bölgədə qüvvələr balansını kökündən dəyişəcək.

Türkiyə ciddi sanksiyalar qarşısında geri çəkiləcək və Avropa üçün yeni enerji potensialı yaranmış olunacaq. Bu vəziyyətdə isə İngiltərə Cənubi Kiprlə hərbi bazalar məsələsini yenidən müzakirə etməli olacaq. Çünki ortada hər hansı münaqişə predmeti qalmayacaq. Ya bazaların varlığı təhdid altına düşəcək, ya da İngiltərə dəniz sahəsindən Avropanın maarqları üçün əl çəkməli olacaq. Bu ehtimalların heç biri isə İngiltərə üçün əlverişli nəticə deyil.

ABŞ-ın müdaxilə ehtimalı və ciddi sanksiyaların olacağı Türkiyəni İsraillə münasibətləri bərpa etməyə təşviq etmək üçün yetərli səbəb hesab oluna bilər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin