“Bu gün Türkiyədə aparılan “Ergenekon” əməliyyatları dolayı yolla böyük güclərin və dövlətlərin sifarişi ilə həyata keçirilir”.
Bunu Moderator.az- a açıqlamasında Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxalı son vaxtlar Türkiyədə yaşanan xoşagəlməz olaylardan danışarkən deyib. Onun sözlərinə görə, Türkiyədə baş verənlər böyük güclərin rəsmi Ankaradakı əlamanlarının, onların “maşalar”ının vasitəsi ilə həyata keçirilir:
“Həmin qüvvələr Ermənistanla sərhədlərin açılamasını reallaşdırmaq üçün və Türkiyənin bölünməsi üçün türk dünyasını sevənləri və vətənsevərləri həbs etmişdilər. Ümumiyyətlə, Türkiyədə baş verənlərin hamısı məhz bunlara xidmət edirdi. Əgər Türkiyə o güclərin dedikləri ilə oturub-dursa, onlar Türk dövlətini çökdürərlər. Çünki məqsədləri də elə budur. Ona görə də mən deyərdim ki, o insanların azadlığa qovuşmasıyla ədalət öz yerini tapıb. Lakin o güclər Türk-Azərbaycan dostluq münasibətlərinə də xələl gətirmək niyyətləri ilə bir sıra insanlara böhtanlar atdılar”.
Tənzilə Rüstəmxanlı eyni zamanda Türkiyədə “Ergenekon” əməliyyatlarının həyata keçirilməsini Ərdoğan hökümətinin ABŞ-ın maraqlarına xidmət etməsi kimi qələmə verilməsinə də münasibət bildirib:
“Amerikanın dedikləri ilə hərəkət edən hər hansısa birliklər Türkiyədə xaos yaratmaq niyyətindədir. Amerika öz maraqlarına görə ölkələri qurban verər. Rəsmi Vaşinqton üçün iqtidarlar heç bir əhəmiyyət kəsb etmir. Amerika öz maraqlarının Türkiyədə icrası üçün zaman-zaman Ərdoğan hökumətindən istifadə etdi və bunu bacardı. Hazırda ABŞ-ın Ərdoğan hakimiyyəti ilə maraqları bitdiyinə görə, onları ortadan götürmək üçün əməliyyatlar aparır. Baxın, burada da Amerikanın marağı var. Hesab edirəm ki, Türkiyədə dövlət maraqlarını hər şeydən üstün tutmaq lazımdır. Bu son cümləni mən Azərbaycana da aid edərdim. Çünki dövlətimizin maraqları hər şeydən yuxarı olmalıdır. Əks halda bir də görərik ki, dövlətimiz əlimizdən gedib. Türkiyədə dövlətin içində qruplaşmalar yaranıb və dövlət onların işinə nəzarəti itirib. Bu şəraiti isə əfsuslar olsun ki, Ərdoğan höküməti yaradıb”.

































































































