Ukraynanın Rusiyanın imperialist-təcavüzkar davranışlarına etiraz əlaməti olaraq MDB-dən çıxmasıyla bağlı qərarı yeni beynəlxalq şərait yaradıb. Təsadüfi deyil ki. başda "Qarabağ" bloku olmaqla bir sıra ictimai-siyasi təşkilatlar Azərbaycanın da bu qurmdan çıxmalı olduğu barədə çağırışlar edirlər.
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bir az da qabağa gedərək Azərbaycanın GÜAM-dakı müttəfiqi Ukraynaya dəstək əlaməti olaraq MDB-nin fövqəladə toplantısını çağırmasını təklif edir:
"Azərbaycan MDB-nin fövqəladə toplantısının çağrılması və Rusiyanın Ukraynaya hərbi-siyasi təcavüzü məsələsinin müzakirəsi təklifi ilə çıxış etməlidir. MDB yaranışından məzmun və mahiyyəti, ideolojisi yeni imperiyaya xidmətdən ibarət olmaqla, üzv dövlətlərin demokratikləşməsini tormozlamaq üçün yaranan qurumdur. MDB-yə daxil olan Azərbaycanın ərazi bütövlüyü digər üzv olan Ermənistan tərəfindən işğalı nəticəsində pozulmuşdur. Ermənistanın siyasi, ideoloji, hərbi himayədarı isə Rusiyadır. Rusiya hələ ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edən bir sənəd qəbul etməmiş, işğalçı Ermənistanı silahlandırmaqla məşğuldur. Faktik olaraq Qarabağ Rusiya-Ermənistan cütlüyü tərəfindən işğal olunmuşdur. Bu cür anormallıqlar MDB-nin öz prinsiplərinə zddir.
Rusiyanın MDB-nin digər üzvü Ukraynaya hərbi-siyasi təcavüzü, Krım kartından istifadə edərək Ukraynanın ərazi bütövlüyünə qəsd etməsi də acı bir həqiqətdir. Rusiya 2008-ci ildə də o vaxtkı MDB üzvü Gürcüstana hərbi təcavüz etmiş, onun ərazi bütövlüyünə qəsd etmişdi. Ukraynada rusofil Yanukoviçdən sonra xalq öz hakimiyyətini bərqərar etməkdədir. Siyasi oriyentasiya Avropaya olmaqla aydındır. Ukrayna xalqı öz milli maraqlarına uyğun olmayan qərarları qüvvədən salmaqdadır. Ukrayna gec də olsa MDB-dən çəxmaqla düzgün qərar qəbul etdi. Təbii ki, bu “şıltaqlıq” Rusiya tərəfindən cavabsız qalmamaqdadır. Ukraynanın müəyyən itkilərə məruz qalacağı gözləniləndir. Əvəzində Ukraynanın daha güvənli bir məkana-Avroatlantik məkana inteqrasiyası qaçılmaz olacaq. Bu proses sonucda dünyada toqquşan qütblərdən kimin daha haqlı, daha güclü, daha güvənli olduğunu bəlli edəcək. Hesab edirəm ki, bu proses MDB-nin və onun lokomoivi olan Rusiyada avtoritarizmin sonuna işarə olacaq. Nəhayət, Rusiyanın demokratikləşməsi başlayacaq ki, bu da Azərbaycan da daxil qonşu dövlətlərin daha təhlükəsiz yaşaması və inkişafına şərait yaratmış olacaq.
Azərbaycan hələ 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzü zamanı daha cəsarətli davranaraq Gürcütanla eyni mövqeni sərgiləməli və MDB-dən çıxdığını bəyan etməli idi. Bütün variantlarda Rusiyanın Qarabağ problemində Azərbaycanın yanında olmaq şansı və istəyi yoxdur. Azərbaycanın ilhaqı əvəzində Qarabağ variantı isə bizi yenidən cəhənnəmə daşımaqdır. Odur ki, Azərbaycan nə zamansa cəsarətli addım atmalıdır. Bəlkə də indiki zaman ən optimal zamanlardan biridir. Daha cəsarətli addımlar atmaqla Azərbyacan müəyyən itkilər verə, amma əbədi və əzəli istiqlalına qovuşa, demokratik dünyanın bir hissəsi olar.
GUAM çərçivəsində Ukrayna və Azərbaycanın strateji müttəfiqliyi Azərbaycanın daha ardıcıl və prinsipial qərarlar qəbul etməyə hazır olmasını diqtə edir. Unudulmamalıdır ki, şimaldan təhlükə bizi daban-dabana izləməkdədir.
Hesab edirəm ki, Azərbaycan baş verənlərdən nəticə çıxararaq dinc ”“ siyasi, diplomatik yollarla mövqeyini sərgiləməlidir. Ən yaxın zamanda MDB-nin fövqəladə toplantısının çağrılması və MDB üzvü olan Rusiyanın digər üzv Ukraynaya hərbi-siyasi təcavüzünün müzakirə olunması təşəbbüsü ilə çıxış etməyimiz ölkəmizə beynəlxalq aləmdə nüfuz gətirməklə bölgədə proseslərin zor müstəvisindən diplomatik müstəviyə keçməsi düşüncəsinə dəstək verərdi. Rusiya bu təşəbbüsə qarşı çıxsa, o zaman MDB tarixin arxivinə qovuşa bilər."

































































































