Qubadlı şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur.
Bizim.Media xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub.
Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb.
Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib.
Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günü isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “Twitter” hesabından elan edib.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək, vandallıq əməlləri törədilib.
İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Bizim.Media