"Xankəndi, Ağdərə və sülhməramlıların müvəqqəti nəzarətində olan digər yerlərdə məskunlaşdırılanlar erməni siyasətçiləri, kilsəsi və diasporunun qurbanına çevrilməkdədirlər" deyən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bu səbəbdən Qarabağdakı ermənilərin çox hissəsinin çıxış yolunu yenə qaçmaqda gördüyünü açıqlayıb.
Bizim.Media ilə söhbətdə politoloq bildirib ki, əslində Qarabağdakı ermənilər çıxış yolu kimi Azərbaycan idarəetməsinə keçidi də gözləyirlər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda anti-Rusiya siyasətinin arxasında kim durur? - TƏFƏRRÜAT
Bu situasiya yalnız Qarabağdakı ermənilərə yox, Qərbi Zəngəzur (Sünik) sakinlərinə də aiddir:
"Onlar da Azərbaycana birləşmək niyyətindədirlər. Çünki səfil və rəzil durumda olan ermənilər bir neçə metr o tərəfdə azərbaycanlıların necə yaşadığını yaxşı görürlər".
Politoloq Yeganə Hacıyeva isə işğal dövründə də Qarabağda yaşayan ermənilərin insan haqlarının pozulduğunu xatırladıb. Yəni, Ermənistan üçün Qarabağdakı ermənilər ikinci dərəcəli insanlar olub. Politoloq həm vurğuladı ki, ermənilərin aclıq fəryadları başqa şeyə də xidmət edə bilər.
Çünki...
"1988-ci ildə zəlzələ zamanı fəsadları aradan qaldırmaq, humanitar yardım adı altında Ermənistana silahlar daşındı. Daha sonra bu silahlar "humanitar yük" bəhanəsiylə Qarabağa ötürüldü və ardınca erməni silahlı qruplaşmaları bu döyüş texnikalarını Azərbaycana qarşı istifadə etdi. İndi Qarabağdakı ermənilərin vəziyyətinin ağır olması tirajlanırsa, deməli, ora yenə silah daşınması kimi missiya nəzərdə tutulur. Amma onu da qeyd etmək lazımdır ki, həqiqətən də oradakı erməni əhali sülhməramlıların əlinə baxır və pis dolanırlar".
Politoloq onu da qeyd etdi ki, Qarabağdakı sülhməramlılar Rusiyadakı etnik erməni biznesmenlər tərəfindən maliyyələşir. Bütün bunlara baxmayaraq, ermənilər arasında sülh müqaviləsini gözləyənlər var:
"Sosial medianın erməni seqmentində Qarabağdan olan adamların yazılarında sülh müqaviləsini səbrsizliklə gözləyənlər və Qarabağdan çıxmaq istəyən insanlar çoxdur. Ordakılar savadsız, mövhumatçı bir toplumdur. Yəni, Avropada həyat qurmaq üçün də xüsusi özəllikləri (təhsil, dil bilgisi, peşə) yoxdur. Onlar əsasən Azərbaycan idarəetməsinə keçmək istəyirlər. Çünki konstitusiya ilə müəyyən olunan bütün imtiyazlar, hüquqlar onlara da şamil olunacaq".
Yeganə Hacıyeva fikrini belə tamamladı ki, Azərbaycanın öz vətəndaşları kimi onlara da sahib çıxması hazırda ən cəlbedici seçimdir. Bu, həm də sülhməramlıların Qarabağda nə qədər qalacağını müəyyənləşdirəcək.
Bizim.Media