5 erməni hərbi əsirin qaytarılması hansı şərtlər altında olub? Azərbaycan bundan nə əldə etdi?
“Birincisi, 5 erməni əsirinin qaytarılmasının altında hansısa razılaşmalar var. Maraqlıdır ki, bunları məhz Muradov gəlib apardı” deyən eks deputat Cümşüd Nuriyev onların Ermənistana təmənnasız qaytarılmasının mümkünsüz olduğunu vurğuladı.
Bizim.Media-ya özəl açıqlamasında politioloq həm də onu bildirdi ki, istintaq işi aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı
İstintaqın sonunda əgər həmin ermənilərin cinayət törətmədiyi müəyyənləşirsə, onlar qaytarıla bilər. Politoloqun fikrincə, 5 əsirin qaytarılması Azərbaycanın beynəlxalq imicini gücləndirməyə də xidmət edə bilər, amma Bakının əsas marağı mina xəritələrinin əldə olunmasıdır. Çünki kənd, qəsəbə və şəhərlər mina xəritələri olmadan da təmizlənəcəksə, əkin sahələri dəqiq mina xəritələrinin olmasını tələb edir.
Və hazırda əkin sahələri təmizlənməlidir ki, heç olmasa növbəti il orada becərilmə prosesinə start verilsin.
Cümşüd Nuriyev 5 əsirin İrəvana qaytarılmasının altında başqa heç nə görmədiyini desə də, əlavə etdiyi bir nüans da oldu:
“Prezident MDB Dövlət Başçıları Şurasının video formatda olan iclasında da bu məsələlərə toxundu və konkret olaraq bildirdi ki, ermənilərin əsir adlandırdıqları insanlar Azərbaycan ərazisinə müharibə qurtarandan sonra giriblər. 5 hərbçimiz həlak olub. Bildiyimə görə. 62 nəfərdən (erməni diversant) hələ yarısını qaytarıblar. Qalanları burdadır. Yəqin ki, bu 5 nəfərin də istintaq nəticəsində cinayət törətdiyi gündəmə gəlməyib. Çünki əsgərlər əmri yerinə yetirirlər”.
Eks deputatın son sözündən belə anlaşılır ki, ermənilərə təxribat əmri verən komandirlər həbs olunmalıdır. Amma əmri icra edənlərin də cinayətin tərkib hissəsi olduğunu nəzərə alsaq, diversantların hansınınsa azadlığa asanlıqla buraxılması aktual görünmür.
Bizim.Media