Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, Ceyhun Bayramov ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğunu bildirib. O qeyd edib ki, Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı NATO-nun zirvə görüşləri nəticəsində qəbul edilmiş birgə bəyanatlarında tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstək mövqeyinin tərəfimizdən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
NATO-nun yüksək rütbəli rəsmisi Bakıya gəlir - FOTO
Xüsusi nümayəndə Xavyer Kolomina Piriz bölgəyə reallaşdırdığı səfəri çərçivəsində Azərbaycan tərəfi ilə müzakirələrin bölgədəki cari vəziyyətlə bağlı ətraflı məlumatın əldə edilməsi baxımından çox faydalı olduğunu bildirib.
Azərbaycan sülhməramlılarının Türkiyə qüvvələri ilə birgə Əfqanıstanda fəaliyyəti, xüsusilə də Kabil hava limanından vətəndaşların təxliyəsi ilə bağlı fəaliyyəti yüksək qiymətləndirilib və bununla bağlı xüsusi nümayəndə Müttəfiq ölkələrin adından təşəkkürünü ifadə edib.
O, NATO-nun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edib.
Görüşdə tərəflər, həmçinin NATO-Azərbaycan tərəfdaşlıq gündəliyi, habelə gələcək perspektivlər üzrə fikir mübadiləsi aparıblar.
Bizim.Media