Bu gün Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə Tbilisiyə səfər edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Gürcüstan Prokurorluğunda nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Baş prokuror Gürcüstana getdi
Kamran Əliyev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.
Həmçinin, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən yetkinlik yaşına çatmamış şəxslər barəsində cinayət mühakiməsinin aparılması, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri, habelə prokurorluq fəaliyyətinin rəqəmsallaşdırılması mövzuları üzrə səmərəli fikir mübadiləsi aparılıb.
Ölkələrimizin prokurorluq qurumları arasında ikitərəfli hüquqi əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Görüşlərdə Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib.
Bizim.Media