“Mən mojaritar və proporsional seçki sistemi tətbiq olunmasının tərəfdarıyam”.
Bunu millət vəkili Fəzail Ağamalı Moderator.az-a açıqlamasında parlament seçkilərinə qədər ölkədə mojaritar və proporsional seçki sisteminin tətbiq olunması ilə bağlı son günlər mətbuatda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, parlament seçkilərinə qədər mojaritar və proporsional seçki sisteminin reallaşması təqdirəlayiq addım olardı:
“Düşünürəm ki, ölkədə mojaritar və proporsional seçki sisteminin qarışıq tətbiqi olduqca əhəmiyyətlidir. Çünki proporsional sistem ilk növbədə siyasi partiyaların güclənməsinə və möhkəmlənməsinə kömək edəcək. Bu da ölkədə demokratik ənənələrin möhkəmləndirilməsi üçün olduqca önəmlidir”.
Millət vəkili eyni zamanda parlamentdə mandatların sayının artırılmsı ilə bağlı da öz fikirlərini bildirdi:
“Hesab edirəm ki, mojaritar sistemi saxlamaq şərti ilə mandatların sayının artırılması da nəzərdən keçirilməlidir. Çünki əvvəl ölkədə əhalinin sayı 7 milyon idisə, indi Azərbaycanda əhalinin sayı da artıb. Bu səbəbdən də 125 mandat mojaritar sistemlə olmaqla, əlavə 50 mandatın proporsional sistemlə tətbiq edilməsi yaxşı olardı. Çünki, bir daha təkrar edirəm ki, mojaritar və proporsional sistemin qarışıq tətbiqi ilk növbədə siyasi partiyaların güclənməsinə xidmət edəcək”.































































































