“Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” - Şneor Seqal

Hazırda oxunan: “Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” - Şneor Seqal

4113

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsveçrənin ən aparıcı informasiya resursu olan "Tribune de Geneve” portalında "Azərbaycanda xristian mədəni soyqırımı qorxusu əsassızdır” adlı məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, müəllif Azərbaycandakı tolerantlıqdan və çoxmədəniyyətlilikdən bəhs edilərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mehriban yaşadığına diqqət çəkib:

"Nəhayət, döyüşlər dayandı. Müharibə ilə bağlı söz-söhbət isə tonunu dəyişsə də, davam edir. Bu gün medianın diqqəti indiyədək erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərdəki kilsələrin, xristian məbədlərinin taleyinə yönəlib. İşğal altında olmuş torpaqların Azərbaycana qaytarılmasından söhbət gedəndə çoxları bu ərazilərdəki xristian abidələrinin məhv olacağından qorxurdu. Bəziləri tələm-tələsik həmin ərazilərdəki erməniləri kilsələrdən xaçı çıxarmağa məcbur etdilər''.

''Bu qorxu mənə təsir etdi. Çünki müsəlman ölkəsi olan Azərbaycanda dini lider olaraq, eləcə də şəxsi təcrübəmə əsaslanaraq bu hissi anlamaqda çətinlik çəkirəm. Həmin qorxan insanın indiyə qədər hər hansı bir azərbaycanlı ilə rastlaşıb-rastlaşmadığını düşünməyə başladım. Mənim üçün mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin birgəyaşayışı, qorunması baxımından çox zəngin bir ölkədir, cənnət məkandır”.

Şneor Seqal qeyd edir ki, son onilliklərdəki müharibələr zamanı dünyanın digər ölkələrindən bir çox yəhudilər qaçmaq məcburiyyətində qalsalar da, hücum, qətl və adam oğruluğu hədəfinə çevrilsələr də, Azərbaycanda onlar tərəqqi edən bir icma olaraq qalırlar. 15 minə yaxın dağ yəhudisi, ümumilikdə 25 min nəfərlə Azərbaycanın ən böyük yəhudi icmasını təşkil edir:

"Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum askenaz yəhudiləri. Ancaq Azərbaycan elə təkcə bu xalq üçün vətən deyil. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, xristianlığın müxtəlif qollarından ibarətdir. Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”.

Baş ravvin Roma papaları II İohan Pavelin və Fransiskin Azərbaycana səfərlərindən, Bakıda Katolik Kilsəsinin tikilməsindən bəhs edərkən, şəhərdə sinaqoqlar, kilsələr və məscidlərin küçələrdə yan-yana düzüldüyünü və çox yaxşı vəziyyətdə saxlanıldığını qeyd edib. O, bunların qorunub saxlanmasının Azərbaycan üçün vacib olduğuna diqqət çəkib.

Xalq həm də mədəniyyət və tarixdir. Azərbaycanda bərabər şəkildə yaşayan digər dinlərin nümayəndələri ilə mütəmadi görüşmək və onlarla əməkdaşlıq etmək təbii haldır. Heç bir din, nə qədər kiçik olsa da, cəmiyyətdən kənarda qalmır. 2002-ci ildə Papa II İohan Pavelin Bakıya səfərindən sonra hökumət Katolik Kilsəsinin inşası üçün torpaq sahəsi ayırdı. 2016-cı ildə eyni kilsədə ibadət edən Papa Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı möhkəm əlaqələrə heyran qaldığını bildirib.

O deyib ki, bu yaxşı münasibətlər dinc yanaşı yaşamaq və dünyada sülh üçün böyük əhəmiyyət daşıyır. Bütün bunlar müxtəlif konfessiyalardan olan insanlar arasında səmimi münasibətlərin davam etdirilməsinin, ümumi rifah üçün qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində davranılmasının mümkün olduğunu göstərir.

Məqalədə dini irsi qoruyub saxlamaq kimi Azərbaycan ənənəsinin yalnız onun sərhədləri ilə məhdudlaşmadığı vurğulanıb. Bu missiyanı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Heydər Əliyev Fondunun yerinə yetirdiyi diqqətə çatdırılır, fondun dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verməsindən söz açılır.

Vatikanda Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq katedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanır. Heydər Əliyev Fondunun yəhudi təşkilatları ilə birlikdə Azərbaycanda yəhudi məktəblərinin inşasında da iştirak etdiyi bildirilir.

Şneor Seqal Qarabağda müsəlman evlərinin və qəbiristanlıqlarının erməni işğalı altında qalaraq tamamilə dağıdıldığını oxuyanda çox kədərləndiyini, bir məscidin təhqir olunması ilə müsəlman dünyasını qəzəbləndirən dəhşətli hadisəni xatırladığını bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin