Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq. Belə ki, Ermənistan liderinin artıq Rusiyaya yola düşdüyü də məlumdur.
Ümumilikdə isə, Paşinyana Rusiyada gələn dəvət gərgin geosiyasi vəziyyətin davam etdiyi və regionda mühüm yeniliklərin baş verdiyi bir vaxtda gəlib.
İlk olaraq, rəsmi Bakı və İrəvanın dialoq çağırışlarını xatırlatmaqda fayda var. Belə ki, keçmiş münaqişə tərəfləri həll edilməsinə ehtiyac duyulan mühüm məsələləri gözdən keçirmək üçün bir araya gəlməyə hazır olduqlarını dilə gətiriblər. Hətta ölkə liderləri səviyyəsində danışıqlardan öncə, xarici işlər nazirlərinin də yaxın vaxtlarda görüşü proqnozlaşdırılır.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan gözlənilməz ETİRAF – “Gərək 7 rayonu qaytaraydıq” - VİDEO
Lakin dialoqun hansı formada və kimin vasitəçiliyi ilə qurulacağı hələlik bəlli deyil. Buna baxmayaraq, faktiki olaraq regionda sülhü təmin etmə missiyasını öz üzərinə götürən, eyni zamanda 10 noyabr və 11 yanvar tarixli bəyanatların imzalanmasında vasitəçilik edən Kremlin bu mənada favorit olduğunu söyləyə bilərik. Təbii ki, ehtimallar arasında ATƏT və Gürcüstan kimi aktorlar da özünü göstərsə də, indiki situasiyada bu namizədlərin seçilməsi o qədər də real görünmür.
Çünki Gürcüstan regionda sülhü təmin edəcək qədər güclü aktor deyil. ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyətsizliyini xatırlatmaq isə yersizdir.
Belə olan halda isə, ehtimallar arasında ən uyğun namizədin Rusiya olduğu aşkar görünür. Bu səbəbdən də, Paşinyanın Bakı ilə danışıqlara başlamadan öncə Putinlə məsləhətləşməyə gedəcəyi gözlənilən idi.
Paşinyanın Kreml ziyarətinə gəlincə...
Təbii ki, hər nə qədər Qərbin adamı olsa da, Paşinyan Moskvanın regionda sülhün təmin olunmasında əsas faktorlardan biri olduğunu bilir. Eyni zamanda, Nikol Rusiyanın Ermənistan üzərindəki söz sahibliyinə də yaxından bələddir. Bundan əlavə, oktyabrın 10-da Ermənistan daxili işlər nazirinin də Moskvaya səfər etdiyini xatırlatmaqda fayda var. Eyni anda iki yüksək vəzifəli dövlət rəsmisinin səfərini, İrəvanın Moskva ilə razılaşdırılmalı olan məsələlərinin çoxluğu və aktuallığı kimi qiymətləndirmək olar.
Digər tərəfdən, Kreml də vasitəçilik missiyasını davam etdirməkdə, həm də Ermənistanda öz nüfuzunu qorumaqda qərarlıdır. Belə ki, İranın son dönəmlər Ermənistanda olan təsir gücünü daha da artırmaq niyyətinə Moskvanın da birmənalı yanaşmadığı Sergey Lavrovun iranlı həmkarı ilə görüşündə aydın şəkildə bəlli oldu.
Bu faktorları nəzərə aldıqda isə, Ermənistan liderinin rəsmi İrəvanın maraqlarını həm indiki situasiyada, həm də rəsmi Bakı ilə gözlənilən dialoq zamanı qoruması üçün Rusiya ilə hesablaşması vacib şərtdir. Eyni zamanda görüşdən öncə Kremlə yaxınlığı ilə seçilən bir sıra ekspertlər də, Paşinyanın Kremlə çağırılması ilə bağlı oxşar fikirlərlə çıxış ediblər. Belə ki, hərbi və siyasi ekspert İqor Korotçenko Putin-Paşinyan görüşündə erməni liderin Rusiyanın maraqlarına uyğun hərəkət edəcəyinə zəmanət verəcəyini qeyd edib.
Belə olan halda isə, Paşinyan-Putin görüşündə əsas müzakirə mövzusunun nəzərdə tutulan Bakı-İrəvan dialoqu olacağı şübhəsizdir.
Xüsusilə də, Kremldən Nikola mühüm tapşırıqların veriləcəyi də ehtimallar arasındadır. Belə ki, regionda əsas təsir mexanizmlərini əlində saxlamaq üçün rəsmi Moskvanın İrəvanı 10 noyabr bəyanatının şərtlərini yerinə yetirmək və rəsmi İrəvanın xeyli müddətdir ləngitməyə çalışdığı sülh müqaviləsinin imzalanması üçün lazımi təzyiqi göstərəcəyini proqnozlaşdırmaq olar.
Xüsusilə də, Zəngəzur dəhlizi fonunda artan söz söhbətləri nəzərə alsaq, rəsmi Moskvanın regionda kommunikasiyaların bərpasına nail olmaq üçün erməni liderə gərəkli tapşırıqları verəcəyini də söyləyə bilərik.
Nəticədə, Putin-Paşinyan görüşünün Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində ən önəmli addımlardan biri olacağını indidən proqnozlaşdırmaq olar.
Murad Əhmədov, Bizim.Media