Sahibə Qafarova Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa ÇAĞIRDI

Hazırda oxunan: Sahibə Qafarova Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa ÇAĞIRDI

40775

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşü açan Slovakiya Milli Şurasının sədri Boris Kollar Milli Məclisin sədrini salamlayaraq, bu səfərin ölkələrimiz və parlamentlər arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib.

Səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin ölkələrimiz arasında ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına yeni impuls verəcəyinə inamını bildirib.

Milli Məclisin sədri görüşdə ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi möhtəşəm Zəfər haqqında danışıb. Bildirib ki, Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyünü bərpa edib.

Bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü ilə reallaşdırıb. Sahibə Qafarova deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. 

Sahibə Qafarova xüsusilə, ötən ilin noyabrında Slovakiya Parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.

Gələn il Azərbaycanda Xocalı Soyqırımının 30-cu ildönümünün olacağını diqqətə çatdırıb. Spiker artıq bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı törədilmiş bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul olunduğunu xatırladaraq, ümidvar olduğunu bildirib ki, slovakiyalı parlamentarilər də bu qətliamı tanımaq üçün prosesə başlayacaqlar.

Görüşdə Milli Məclisin komitə sədri Zahid Oruc və Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov çıxış edərək iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolu, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafının əhəmiyyəti barədə fikirlərini ifadə ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin