Radikal müxalifət düşərgəsində, xüsusilə, AXCP ilə Müsavat arasında qarşıdurma, münaqişə bu gedişlə heç vaxt başa çatan deyil. Çünki iddiaları imkanlarından çox yüksək olan, ambisiyaları yerə-göyə sığmayan bu qüvvələr heç zaman biri digərinin üstünlüyünü, liderliyini qəbul etməyib, əksinə bir-birini siyasi səhnədən çıxarmaq üçün var gücləri ilə çalışıblar.
Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Azər Badamov dilə gətirib.
Millət vəkilinin dediyinə görə, prezident seçkiləri öncəsi və seçkilərdən sonra məlum cinahda yaşananlar, yəni, zorla, kənar, antiazərbaycan dairələrin sifarişi ilə bir araya gətirilənlərin başabəla Milli Şurasında baş verənlər bunun bir daha əyani sübutudur.
A.Badamov qeyd edib ki, xüsusilə, prezident seçkilərindən sonra yaşanan növbəti məğlubiyyət acısı, fiasko Milli Şurada, radikal düşərgədə münasibətlərin daha amansız xarakter almasına, düşmənçilik müstəvisinə keçməsinə səbəb olub.
Millət vəkilinin bildirdiyinə görə, seçkilərə az qalmış Lalə Şövkət tərəfdarları-liberallar ilə Müsavat arasında yaşanan qalmaqal birincinin Milli Şuradan getməsi ilə nəticələndi, bu qalmaqal bitməmiş Rəsul Quliyev - İsa Qəmbər, ACP - Müsavat davası başladı və nəticədə eks-spikerlə onun qatı tərəfdarları Milli Şuradan üz döndərdilər.
“Bunun ardınca Eldar Namazovun adı özündən böyük olan “El” Hərəkatı ilə Müsavat partiyası arasında ciddi ixtilaf yarandı. Bu ixtilaf başa çatar-çatmaz isə əzəli və əbədi “rəqib müttəfiqlər” AXCP ilə Müsavat arasında ənənəvi qarşıdurma və münaqişə yarandı. Heç zaman, hətta, qısamüddətli hakimiyyətləri dönəmində bir-birilərini həzm və qəbul etməyən cəbhəçilərlə müsavatçılar bir-birilərinin ünvanına ağlasığmaz ittihamları səsləndirməkdən, sanki ölüm-dirim savaşına çıxmaqdan, bu davada dünyasını çoxdan dəyişmiş Əbülfəz Elçibəyin adından istifadədən belə çəkinmədilər.
Hətta, qarşılıqlı ittihamlara, təhqirlərə son qoyulması üçün moratorium elan edilsə də, elə həmin andan hər iki tərəf onu pozdular. Bu gün də AXCP ilə Müsavat arasında qarşılıqlı ittihamlar, təhqirlər davam etməkdədir. Son bir neçə gündə isə əvvəlcə Milli Şuranın Aparat rəhbərliyindən gedən, sonda həmin təşkilatla yollarını birdəfəlik ayıran Eldar Namazova qarşı radikallar, xüsusilə, Əli Kərimliyə yaxın dairələr arasında, “Azadlıq” qəzetində geniş cəbhə açılmaqdadır.
Bütün bunlar onu göstərir ki, dediyim kimi, radikallar bir-birilərini sıradan çıxarmaq, siyasi səhnədə yalnız öz varlıqlarını, mövcudluqlarını təsdiqləmək üçün hər şeyə hazırdırlar, necə ki, hər zaman da bu yolla gediblər. Eyni zamanda, baş verənlər radikalların yaxın gələcəkdə bütövlükdə siyasi səhnədən gedəcəyinin bir növ işarətidir. Çünki Azərbaycan cəmiyyətində artıq radikallara və radikalizmə yer yoxdur” - deyə, A.Badamov daha sonra sözlərinə əlavə edib.





























































































