Cənubi Qafqazda son həftələrdə artan gərginlik heç cür səngimək bilmir. Xüsusilə də, İranın ölkənin şimal qərb hissəsində, Şərqi Zəngəzur iqtisadi rayonu ilə sərhədə yaxın bölgələrdə hərbi təlimlərə start verməsi vəziyyətin daha da ciddiləşməsi ilə nəticələnib.
Bundan əlavə İran rəsmilərinin açıqlamaları da heç də mehriban qonşuluq münasibətlərin yönündə deyil.
Belə ki, ilk olaraq daha “aşağı rütbəli” dövlət adamları və ictimaiyyət nümayəndələri Azərbaycana qarşı təhdid yönümlü açıqlamalar verirdisə, artıq İran hakimiyyətinin yüksək vəzifəli şəxsləri tərəfindən oxşar addımlar atılmaqdadır.
MÖVZU İLƏ BAĞLI:
İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO
Buna müvafiq olaraq, oktyabrın 3-də İranın ali dini lideri Ayətullah Əli Xameneyi özünün rəsmi tvitter hesabından gərginliyi artıra biləcək paylaşımlar edib. Eyni zamanda, İranda faktiki olaraq hakimiyyətin əsas söz sahibi olan Ayətullah həm ingilis, həm də Azərbaycan dillərində eyni məzmunlu statuslar yazmaqla öz mövqeyini tam şəkildə ortaya qoyub.
Xamneyinin şimal-qərb ismarıcları
Dini liderin statuslarına nəzər saldıqda, İranı sərhədlərimizdə son 20 ilin ən böyük təlimlərinə vadar edən səbəbləri aydın şəkildə görmək mümkündür. Belə ki, Ayətullah fikirlərində ölkəsinin şimal-qərb sərhədlərində 3-cü bir ölkənin varlığına işarə edib.
Məsələyə coğrafi aspektdən yanaşdıqda isə, İranın şimal-qərbində 3 ölkə ilə həmsərhəd olduğunu görə bilərik: Azərbaycan, Türkiyə və Ermənistan.
Xameneyinin mesajlarını rəsmi İrəvanın ünvanına göndərməsi o qədər də real deyil. Ona görə ki, rəsmi Tehran Ermənistanın həmin o şimal-qərb sərhədlərindəki 30 ilə yaxın davam edən işğalçılıq dövründə fəaliyyət göstərən terror rejiminin mövcudluğunda belə, nədənsə hər hansı təlimlərə ehtiyac duymamışdı.
Bundan əlavə, Xameneyi ölkəsinin digər nümayəndələri kimi, yalnızca İsrail kartını ortaya atmaqla da qane olmayıb. Belə ki, dini lider “qardaşlar” ifadəsinə yer verməklə aydın şəkildə Azərbaycan və Türkiyəyə işarə etdiyini nümayiş etdirib. Lakin 2-ci statusun məzmununda bölgədə İsrailin mövcudluğuna işarə edilib. Xüsusilə də, “problemlər qonşu ölkələrin həmkarlığı, biganə orduların iştirakı olmadan həll edilməlidir”, - ifadəsi aydın şəkildə Ankaranın deyil, rəsmi Tel-Əvivin regionda varlığına iddia xarakteri daşıyır.
Eyni zamanda, Xameneyinin ilk statusunda İnqilab Keçikçiləri Korpusunun Şərqi Zəngəzurla sərhəd ərazilərdə keçirdiyi hərbi təlimlərə də haqq qazandırılıb və bu “ağılla atılmış addım” kimi qiymətləndirib.
Digər önəmli məqam isə, Xameneyinin eyni statusları iki dildə yazmağa ehtiyac duymasıdır. Belə ki, ilk statusların ingiliscə yazılması Ayətullahın beynəlxalq arenaya və ya regiondan uzaq hər hansı qüvvəyə işarə edildiyinin göstəricisidirsə, sonradan eyni fikirlərin azərbaycanca paylaşımı dini liderin ölkəmizə qarşı açıq ismarışıdır.
Zəngəzurun şərqi, yoxsa qərbi?
Ümumilikdə isə, hər nə qədər İsrail variantı ortaya atılaraq, əsas niyyət gizlədilməyə çalışılsa belə, Tehranın qanayan yarasının Zəngəzurun şərqi yox, qərbi olduğu göz önündədir. Xüsusilə də, İran rəsmilərinin “qonşu ölkələrin suverenliyi”, “qırmızı xətlərimiz” deyərək pərdələməyə ehtiyac belə duymadıqları Zəngəzur koridoru layihəsinin İranın, dostu Ermənistana və Avropaya çıxış yolunda son ümid qapısının da üzünə qapanması deməkdir. Eyni zamanda Zəngəzur dəhlizinin Ayətullahı belə dilə gətirməsi ölkəmiz üçün sözügedən məsələdə xoş xəbərlərin yaxın olduğu haqqında da müsbət proqnozlar verməyə imkan verir.
Lakin nə Ayətullahın, nə də İranın tərifli hərbi təlimlərinin Azərbaycanın gələcək planlarında hər hansı xüsusi dəyişikliklər yaratması birmənalı şəkildə mümkün deyil.
Belə ki, rəsmi Bakı Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərə başlayacağını, eyni zamanda İsrailin “Arrow 3” HHM-lərini istehlak etməkdə maraqlı olduğunu göstərməklə, öz qəti mövqeyini aydın şəkildə ortaya qoyub.
Tehranın bu cür canfəşanlığı rəsmi Bakının xarici siyasətində yalnız bir nüansda təsir edə bilər:
İranla münasibətlərdə...
Murad Əhmədov, Bizim.Media