İran Beynəlxalq Atom Enerjisi agentliyi ilə əldə olunan razılaşmanın şərtlərinə əməl etməyib.
Belə ki, MAQATE-nin yaydığı məlumata görə İran tərəfi agentliyin nümayəndələrinə nüvə bazalarının kameralarını yoxlamasına imkan verməyib.
Qeyd edək ki, sentyabrın 12-də əldə olunan razılaşmalara görə rəsmi Tehran MAQATE nümayəndələrinə nüvə obyektlərində yoxlama aparmağa icazə vermişdi.
Vəziyyətin bu cür cərəyan etməsi isə, MAQATE tərəfindən sərt narazılıqla qarşılanıb. Nəticədə təşkilatın baş direktoru Rafael Qrassi İranı birgə bəyanatın şərtlərinə əməl etməməkdə ittiham edib.
MÖVZU İLƏ BAĞLI:
İran Azərbaycanla quru sərhədləri bu tarixdə AÇACAQ
İranı gözləyən təhlükə
Belə olan halda isə, İrana Qərbdən ciddi təzyiqlərin olacağını ehtimal etmək olar. Ona görə ki, sentyabrın 12-də əldə olunan razılşama Qərb rəsmiləri tərəfindən müsbət qarşılanmışdı.
Eyni zamanda bu əməkdaşlıq bir sıra mütəxəssislər tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması istiqamətində önəmli irəliləyiş kimi şərh olunmuşdu.
Lakin indiki vəziyyətdə Qərbin rəsmi Tehranın bu addımına səssiz qalması o qədər də inandırıcı görünmür. Xüsusilə də, İran tərəfinin regionda artan siyasi və hərbi fəallığının ciddi narahatlıq doğurduğunu da xatırlatmaqda fayda var.
Bu istiqamətdə artıq ilk reaksiyalar da gəlməkdədir. Belə ki İsrailin Baş naziri Naftali Bennet sentyabrın 27-də mətbuata verdiyi açıqlamasında İranın nüvə silahı əldə etməsinə heç bir vəchlə imkan verməyəcəklərini, lazım gələrsə bunun üçün silahlı gücə də əl atmaqdan çəkinmədiklərini bildirib.
Digər ölkələrin də Tehrana qarşı reaksiyası İsrail qədər sərt olmasa da, ciddi şəkildə özünü göstərəcək. Ən əsası isə, iqtisadi vəziyyəti günbəgün daha da pisləşən İrana qarşı sanksiyaların qüvvədə saxlanılması, hətta buraya yenilərinin də əlavə olunması artıq daha realdır.
İran regional siyasətini dəyişəcəkmi?
Təbii ki, İrana qarşı təzyiqlərin davam etməsi, rəsmi Tehranı xarici siyasətində müəyyən dəyişikliklər etməyə məcbur edə bilər. Xüsusilə də, bu dəyişiliklər regional müstəvidə özünü büruzə verəcək.
Belə ki, İranın qonşu ölkələri ilə də münasibətlərində müəyyən dalğalanmalar nəzərə çarpır. Ən əsası da, Ermənistana verilən dəstək və bunun əksinə olaraq Azərbaycanla Türkiyəyə qarşı ölkə rəsmilərinin açıqlamalarında qeyd olunan “dostluq”dan uzaq siyasətin yürüdülməsini qeyd edə bilərik.
Bu isə, rəsmi Tehranın regionda daha da təklənməsinə gətirib çıxarır. Təsadüfi deyil ki, son dönəmlərdə aparılan statistik araşdırmalarda da İran-Azərbaycan ticarət dövriyyəsində azalmalar müşahidə olunub.
Lakin hazırki situasiyada rəsmi Tehranın birdən-birə Ermənistanla əlaqələrdən imtina edib, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa diqqəti yönəltməsi o qədər də real deyil.
Buna baxmayaraq gec-tez İran hökuməti də, qapalı bazarın vurduğu zərərin nəticəsində, regionun əsas iqtisadi lokomotivləri olan Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaqda maraqlı olacaq.
Murad Əhmədov, Bizim.Media