“Belə təxribatçı “şərhlər” verənlərə diqqət ayırmaq lüzumsuzdur” – Elnur Allahverdiyev

Hazırda oxunan: “Belə təxribatçı “şərhlər” verənlərə diqqət ayırmaq lüzumsuzdur” – Elnur Allahverdiyev

3877

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Elnur Allahverdiyev Bizim.Media-nın suallarını cavablandırıb. Müsahibə zamanı millət vəkili bəzi maraqlı məqamlara da toxunub.

- 1991-93 cü illərdə Qarabağın işğal edilməsinin əsas səbəbi kimi o dövrdə hakimiyyətin səriştəsizliyi, gedən proseslərdən xəbərsiz olduqları göstərilir. Bundan başqa idarəçilikdə hərcmərclik hökm sürürdü. Siz, bu vəziyyət haqqında nə deyə bilərsiniz? O dövrü necə şərh edərdiniz? 

- Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında olması bizim üçün bir xalq olaraq baha başa gəldi. Siz təsəvvür edin, minlərlə vətəndaşımız doğma yurd-yuvasını görmədən həyatdan köçdü. Bu, onların övladları və yaxınları üçün böyük dərddir. Çox uzun oldu bu illər. Eyni zamanda, tarixi baxımdan o qədər də böyük zaman kəsiyi olmadığından və ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr çoxlarımızın gözləri önündə olduğundan, o hadisələri unutmamışıq.

Sovetlərin çöküşündən sonra müstəqillik qazanan ölkəmizdə dövlətiçiliyin bünövrəsi qoyulmamış onun az qala süqutu baş verirdi. Səriştəsizlik, hakimiyyətsizlik və bunlardan doğan ümidsizlik və çarəsizlik təbii ki, torpaqlarımızın itirilməsində başlıca səbəb idi.

Bizim indi dövlətimiz, ordumuz var və torpağı necə itirmək olar, vətəndaşlarımız düşmən tərəfindən kütləvi şəkildə necə qətlə yetirilə bilər, evlərimizi necə tərk edə bilərik kimi məsələləri təsəvvür edə bilmirik. Xüsusilə gənc nəsil. Ancaq o illərdə xalqımız əliyalın, düşmənlə üzü-üzə, köməksiz, belə demək mümkündürsə, yiyəsiz, rəhbərsiz qalmışdı. Şübhəsiz ki, Qarabağın itirlməsində bu amillərin neqativ rolu danılmazdır.

Silahlı qüvvələr faktoruna xüsusi toxunmaq lazımdır. Nizamlı ordunun, vahid komandanlığın yoxluğu, pərakəndə və özbaşına silahlı şəxslərin özbaşınalığı da ciddi problem idi. Kim nə istəyirdi edirdi. Axı bu necə ola bilər ki, hər siyasi partiyanın, hər siyasətçinin bir silahlı qruplaşması, batalyonu olsun? Onu da siyasi hakimiyyət uğrunda mübarizədə lazım olanda səngərlərdən çəkib dəstək üçün Bakıya gətirsin?

- Bu qüvvələr hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra da destruktiv fəaliyyətlərindən əl çəkmədilər. Uzun illər ölkə daxilində parçalanma yaratmaqla Qarabağın işğalını da uzatmış oldular, necə bilirsiniz, məqsəd nə idi? 

- Bu qüvvələrin hər birinə xalqımız münasibətini bildirib. Xalqın gözündən necə düşüblərsə, çətin bir də hörmətə sahib olsunlar. Vaxtında hüquq-mühafizə orqanları da bu şəxslərin əməllərinə qiymət verib. Şəxsən mənim üçün onların hansı amala, hansı məqsədə qulluq etdikləri qaranlıq olaraq qalır. Axı necə ola bilər ki, sənin fəaliyyətin, naşılığın, səhvin, bir işi bacara bilmədiyini bilə-bilə o yükün altına girməyin xalq tərəfindən unudula bilər? Mümkün deyil.

Bu boyda torpaqlarımız ermənilərin işğalına məruz qala, yüzminlərlə soydaşımız məcburi köçkün həyatı yaşaya, düzənlikdə çadır şəhərciklərində min bir əziyyətlə yaşaya və sən vicdan əzabı çəkməyəsən? Məqsəd nə ola bilər? Öz xalqına, dövlətinə düşmənçilik. Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciət edən cənab Prezident İlham Əliyev çox haqlı olaraq belə şəxsləri tənqid atəşinə tutdu.

Heç bir hərbi biliyi, təcürbəsi yoxdur, amma müdafiə naziridir. Şuşa getsə, özünü güllələyəcək deyir, 30 il keçib, siyasi hikkəsindən əl çəkmir. İyul hadisələri yadınızdadır? Nə qədər qızışdırıcı, xalqı  dövlətə qarşı kökləmə cəhdi ilə dolu video-audio yazı yayıldı? Həmin şəxslər illər ötsə də, yenə öz keçmiş şakərlərində idilər. Şükürlər olsun ki, xalqımız müdrikdir, hər şeyi görür...

- Nəhayət torpaqlarımız düşmən tapdağından azad edildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şərəfli bir tarix yazdı. Qarabağ problemini ölkəmiz üçün ən uğurlu şəkildə həll etdi. Dövlətimiz üçün həyati əhəmiyyətli məqamlarda özünü müxalifət adlandıran bəzi qüvvələr bu uğuru kölgə altına salmaq üçün müxtəlif bəyanatlarla çıxış edirlər. Məsələni Rusiyanın növbəti ekspansiyası kimi şərh edirlər. Sizin fikirləriniz necədir?

- Bilirsiniz, şəxsən mən belə təxribatçı “şərhlər” verən, “proqnozlar” irəli sürənlərə xüsusi diqqət ayırmağı lüzumsuz sayıram. Diplomatiyadan, geosiyasətdən, hərb elmindən başları çıxmayanlar ekspert olublar. Çoxları heç xəritəmizi, yaxın keçmişimizi bilmirlər. Mən belələrini avantürist-romantik siyasətbazlar hesab edirəm.

90-cı illərdə avantüraların qurbanı olduq, indi də macəraçılar bizə ağıl öyrətmək istəyirlər. Onlara vaxt sərf etmək belə heyifdir, amma bir soruşan lazımdır: bu ordu necə oldu ki, belə professional səviyyəyə qalxdı? Necə oldu ki, xalq dövlətlə birləşib Ali Baş Komandanına dəstək verdi? Müharibəni aparmaq üçün lazım olan müasir silahlar necə alındı? Müharibənin maddi əsaslarını təmin edən büdcəmiz, ehtiyatlarımız necə əldə edildi? Müttəfiqlərimizi necə qazandıq?

Bu günlərdə BBC-dən bir reportaja baxdım, Kəlbəcərdən köçkün düşmüş vətəndaşlarımıza həsr olunmuşdu. Siz o kəlbəcərlilərin gözlərində olan sevinci görərdiniz. Qadın deyir ki, gedim Kəlbəcəri görüm, sonra ölsəm də olar. Bilirsiniz bu nə deməkdir? Ona görə də qələbəmizə kölgə salanlara çox da önəm vermək lazım deyil, əsas xalqdır, xalqın da qələbə sevincini hamımız görürük.

O ki qaldı sualınızın Rusiya ilə bağlı hissəsinə... Rusiya prezidenti bir neçə müsahibəsində açıq şəkildə bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissədir və bütün dünya bunu qəbul edir. Bundan sonra bir sual ola bilər? Müharibə gedən 44 gün ərzində və sonra Qərb nə ilə yadda qaldı? Dünya mədəniyyətinin mərkəzi sayılan Fransa parlamentində 306 nəfərdən 305-i separatçı, quldur, terrorçu, şəhər və kəndlərimizi yer üzündən silmiş vəhşi xunta rejimini dövlət kimi tanıyan qətnamə qəbul edir. Budur alternativ? Parlamentlərdə təkliflər edilir ki, Azərbaycana qarşı sanksiya tətbiq olunsun. Bunu niyə demirlər?

- II Qarabağ Savaşı dönəmində xalq dövlət birliyinin ən yüksək mərhələsinə çatdıq. İndi bu cür destruktiv qüvvələrin istinad edəcəyi bir şey qalmadı. Onsuz da fəaliyyətləri seçkidən-seçkiyə özünü biruzə verən müxalifət nəyin və kimin müxalifətidir? Sizcə, Azərbaycanda artıq belə ölü müxalifətin tarixin arxivinə qovuşma və sağlam yeni müxalif qüvvələrin formalaşmasının vaxtı çatmayıbmı? 

- Bilirsiniz, biz onları zorla tarixin arxivinə yollaya bilmərik, hərçənd məncə, artıq demək olar ki, oradadırlar. Seçkilərdə güclə 3-5 səs yığa bilən siyasətçi və ya siyasi təşkilat artıq tarixin arxivindədir. Yəni belə prosesləri xalq özü tənzimləyir. Seçki vasitəsilə. Keçirilən seçkilərin nəticələri onların real vəziyyətlərinin aynasıdır. Maraqlı olan və təəssüf doğuran isə başqadır.

Bu qüvvələr acınacaqlı durumlarından nəticə çıxarmağı bacarmırlar. Bəlkə də istəmirlər. Ola bilsin, belə vəziyyətləri onlara sərf edir. Özlərini sıxılmış, incidilmiş göstərib dolanırlar. Bir balaca obyektivlik göstərib, adekvat addım atanı isə “satqınlıq”da suçlayırlar. Mənim fikrimcə, belələrinə heç fikir vermək lazım deyil.

Görün dövlətimizin qarşısında nə qədər məsuliyyət tələb edən vəzifələr var! İşğaldan azad olunmuş torpaqlarımızı dirçəltməliyik, qurub-yaratmalıyıq, əkib-becərməliyik, xalqımız bu torpaqlara dönməli və nəfəsi ilə vətəni isitməlidir. Bizi qarşıda böyük işlər gözləyir.

Vüsalə Balayeva, Bizim.Media

(Foto pandemiyadan öncə, fevral 2020-ci il tarixinə aiddir.)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin