“Minsk Qrupu həmsədrlərinin Azərbaycana təzyiqi bir qədər artıb. ABŞ və Fransa oyundankənar vəziyyətdə qalıblar və Rusiya qədər olmasa da, Qarabağla bağlı danışıqlarda iştirak etmək istəyirlər”.
Bizim.Media xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Tehran NARAHATÇILIĞI – İran etdiyi hərəkətlərə cavabdehlik daşıyırmı? - POLİTOLOQ
Onun sözlərinə görə Moskvanın Vaşinqton və Parislə münasibətlərində bəlli gərginlikləri olsa da, Kreml bölgədə Türkiyəni sıxışdırmaq məqsədilə həmsədrlik instutunun canlanmasına dəstək verir:
“Həmsədrlər öz aralarında tez-tez görüşür və yenidən oyuna kollektiv şəkildə qayıtmaq üçün müzakirələr aparırlar. ABŞ-ın Ermənistandakı səfiri az qala hər həftə “Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb” tipli açıqlamalar verir. Konqresdə Azərbaycan əleyhinə sənəd üzərindən iş gedir və s. Azərbaycan prezidenti həmsədrlərə bəlli mesajını dəfələrlə çatdırıb. Buna baxmayaraq, dediklərindən dönmürlər və fəaliyyətlərini qaldıqları yerdən davam etmək istəyirlər. Əgər prezident münaqişənin bitdiyini və statusu müzakirə etməyəcəyini vurğulayırsa, həmsədlərə Bakıya gəlib müzakirə üçün hansı mövzu qalır?
Azərbaycanla Ermənistan arsında süls sazişinin mətnini, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması mövzularını müzakirə etmək istəyərlərsə, bu bizim üçün optimal variant sayıla bilər. Ancaq onlar Qarabağ mövzusundan kənara çıxmaq istəmirlər”.
Politoloq bu məsələdə iki çıxış yolunun olduğunu vurğulayıb:
“Ya həmsədrlərin səfərləri zamanı təkliflərini dinləyib qeyri-müəyyən “dəyərləndirərik” cavabı vermliyik. Ya da qəti addım ataraq Minsk Qrupunun fəaliyyətindən imtinamızı rəsmən bəyan etməliyik.
İkinci qərarı verməyə hazırıqsa, bizə qarşı bir müddət təzyiqlərə də hazır olmalıyıq. Ancaq daha sonra bizdən əl çəkəcəklərini proqnozlaşdırmaq olar. Necə ki, “Qarabağda muzdlular savaşır” saxta tezisini aylarla təkrarladıqdan sonra gerçəklikdən uzaq olduğunu anlayaraq unutdular. Rusiya həmsədrlik institutu olmadan da keçinə bilər, onsuz da təkbaşına vasitəçidir. Vaşinqton və Paris narazı qalacaq, bir müddət əleyhimizə müxtəlif bəyanatlar yayımlayacaqlar. Bir müddət sonra isə duruma alışacaqlar”.
Alçina Amilqızı, Bizim.Media