Milli Məclisin deputatı Fazil Mustafa Qərbin Cənubi Qafqaz siyasətini sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, millət vəkili özünün “Facebook” hesabından etdiyi paylaşımda ABŞ və Almaniyanın “status” məsələsini yenidən qabartmasına münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bakı sülhməramlılardan nə tələb etməlidir? - Fikrət Sadıxovdan ŞƏRH
Belə ki, Fazil Mustafa ilk öncə ABŞ Prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü təbrikinə toxunub:
“ABŞ Başqanı Co Bayden, Paşinyanı Ermənistanın müstəqilliyi günü münasibəti ilə təbrik edərkən, ABŞ-ın Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə çözülməsi üçün səy göstərməyə davam edəcəyini bildirib. ABŞ-ın Ermənistandakı səfiri daha irəli gedərək “ABŞ-ın Dağlıq Qarabağ məsələsini çözülməmiş saydığını və Dağlıq Qarabağ statusunu Minsk Qrupunun gündəmində qalmağa davam edəcəyini” vurğulayıb. Daha sonar isə həmin bədnam səfir: ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla qalıcı çözümündən yana olduğunu bir daha qeyd edib”.
Deputatın tənqid hədəfindən Almaniya da yayınmayıb:
“Almaniya Cumhurbaşqanı, Ermənistan Cümhuriyətinin 30-cu müstəqillik ildönümü münasibəti ilə Ermənistan Cumhurbaşqanına göndərdiyi təbrik mesajında, “Federal hökumətin, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh və qalıcı normallaşmasına yönəlik səylərini dəstəkləyəcəyi bildirilib”.
Millət vəkili ABŞ Nümayəndələr Palatasının ermənipərəst mövqeyi haqqında da fikirlərini qeyd edib:
“Paralel olaraq ABŞ Nümayəndələr Palatası, Azərbaycanın “Erməni savaş əsirlərini dərhal sərbəst buraxmasını tələb edən Amerika Erməni Milli Komitəsi (ANCA) dəstəkli dəyişikliyi” təsdiqləyib. Həmin Palata eyni zamanda “2022 Maliyyə ili Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu” Qarabağ və Ermənistana dəstək verən, Azərbaycan və Türkiyəni ittiham edən 8 dəyişiklik (Amendment) sənədi hazırladı.
ABŞ Nümayəndələr Palatası, Azərbaycanın müharibə cinayətlərinin soruşdurulmasını və Erməni savaş əsirlərinin sərbəst buraxılmasını tələb edən H.R.4350 təklifini səsverməyə çıxarıb”.
Fazil Mustafa Qərbin bu cür mövqe sərgiləməsini sərt tənqid edib:
“Deyəsən bu prezidenləri, konqresmenləri və səfiri yuxudan oyadıb xəbər verməyiblər ki, Azərbaycan 44 günlük savaşdan sonra artıq o statusu zibil yeşiyinə atıb. Digər tərəfdən də Azərbaycan əraziləri ilə bağlı Ermənistan rəhbərlərinə hansısa ümid vermək etikasızlıq deyilmi?”
Murad Əhmədov, Bizim.Media