ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi son həftələrdə regionda davamlı sülhün təmin olunması prosesinə əngəl törədəcək açıqlamalarla yadda qalıb. Qarabağın “statusu” məsələsinin ABŞ üçün həll olunmamış qaldığını qeyd edən xanım səfirin bəyanatları regiondakı mübahisəli vəziyyətin daha da gerginləşməsi üçün imkan yaradır. Linn Treysinin ABŞ-ın Ermənistandakı rəsmi nümayəndəsi olması və öz ölkəsinin rəsmi mövqeyinə bələd olması isə ABŞ-ın Azərbaycana qarşı ziddiyyətli mövqeyi ilə bağlı şübhələrə əsas verir.
Son günlərdə ABŞ səfirinin oxşar məzmunlu arıdıcıl açıqlamaları ABŞ-ın Cənubi Qafqaz strategiyası ilə bağlı bəzi suallar doğurur. Bəs ABŞ səfirini Ermənistanın maraqları çərçivəsində açıqlama verməyə vadar edən səbəblər nələrdir?
MÖVZU İLƏ BAĞLI:
NATO-nun Baş katibindən Rusiyaya ÇAĞIRIŞ
ABŞ Qarabağın “statusu” məsələsini Azərbaycana qarşı potensial təzyiq vasitəsi kimi istifadə edir.
Qarabağ münaqişəsinin həll olunması və Azərbaycanın ərazi bütövlüyünün təmini ABŞ üçün Cənubi Qafqazdakı əsas təzyiq vasitəsini sıradan çıxarıb. 2020-ci ilə qədər ABŞ həm Azərbaycan, həm də Ermənistanda Qarabağ münaqişəsi çərçivəsində əlaqələrini inkişaf etdirirdi. Hər iki ölkə münaqişə ilə bağlı ABŞ-ın dəstəyini qazanmaq üçün əməkdaşlığı yüksək səviyyədə tumaqda istəkli idi. Lakin hazırda Qarabağ münaqişəsinin sona çatmış olması və Azərbaycanın bu istiqamətdə qələbəsi ənənəvi qarşılıqlı əməkdaşlıq müstəvisini alt-üst edib.
ABŞ Azərbaycanla yeni reallığa uyğun münasibətlər inkişaf etdirməyi, bununla yanaşı, yeni təzyiq vasitələrinin yaradılması da nəzərdə tutur.
Qarabağın “satusu” məsələsi ABŞ-ın Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək və Ermənistanı təsir dairəsinə salmaq üçün effektiv vasitədir.
ABŞ üçün əsas strateji xətt gərəkdiyi anda hər hansı regiona nüfuz etməyə imkan verəcək təsir kanallarının mövcud olmasıdır. Bu bölgəsə xərc tələb edən hərbi kontingentə sahib olmaqdan daha qazanclıdır. Qarabağın erməni əhalisinin indiki və gələcək vəziyyəti isə ABŞ üçün olduqca əlverişli təsir kanalıdır. Çünki Ermənistan bu gün üçün Qarabağla birbaşa əlaqə imkanına malik olsa da, gələcəkdə bu imkandan məhrum olacaq. Davamlı sülhə razılıq verməyən Ermənistan hər zaman Qarabağdakı erməni əhalinin vəziyyəti ilə bağlı üçüncü bir dövlətin vasitəçiliyinə möhtacdır.
Bunun fərqində olan ABŞ isə “status” məsələsini gündəmdə saxlamaqla Ermənistanı özündən daha çox asılı vəziyyətə salacağını başa düşür.
ABŞ “status” məsələsini gündəmə gətirməkdə Rusiyanın Cənubi Qafqazdakı varlığını tarazlaşdırmağa, danışıqlar masasında yer almağa çalışır.
ABŞ 10 noyabr sazişi nəticəsində Rusiyanın Cənubi Qafqazda ciddi təsir gücü qazandığını başa düşür. Bu həm də ABŞ və Avropa ölkələrinin Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarlaşdırılması deməkdir. Rusiya Cənubi Qafqazın öz təsir dairəsində olması ilə bağlı açıq mesaj verir.
Geosiyasi müstəvidə ABŞ üçün Cənubi Qafqazın tamamilə Rusiyanın nufuz dairəsinə verilməsi isə mümkün görünmür.
ABŞ eyni zamanda Minsk Qrupunun həmsədr ölkəsidir. “Status” məsələsinin müzakirəyə açılması ehtimalı həm də ABŞ-ın yenidən aktiv fəaliyyətə keçməsi deməkdir. Məhz bu səbəblə də “status” məsələsinin gündəmə gətirilməsi ABŞ üçün regional proseslərə daxil olmaq və Rusiyanı tarazlaşdırmaq imkanı deməkdir.
Rəvan Əliyev, Bizim.Media