Ərdəbil imamı, İranlı Ayətullah Seyid Həsən Amili cümə xütbəsi zamanı İranı tənqid edən azərbaycanlı deputatı hədələyib. O, bildirib ki, guya adını çəkmədiyi millət vəkili Türkiyənin “Yeni Şəfəq” qəzetinə müsahibəsi zamanı deyib ki, “İranı nəşə məhv edəcək”. Bununla da yetinməyən Ayətullah İrananın Xüsusi Təyinat xidməti olan “Sepah” ilə həmin millət vəkilini ölümlə də hədələyib.
Fazil Mustafa yoxsa, Asim Mollazadə...
Bizim.Media məsələ ilə bağlı araşdırma aparıb. Araşdırmamız nəticəsində ehtimallarımızı iki millət vəkili üzərində saxladıq – Millət vəkilləri Asim Mollazadə və Fazil Mustafa.
MÖVZU İLƏ BAĞLI:
İran Azərbaycan sərhədinə qoşun yeritdi – VİDEO
Hər zaman İran dövlətinin erməni sevgisini, oynadığı ikibaşlı oyunları tənqid edən millət vəkili Asim Mollazadə Bizim.Media-ya açıqlaması zamanı qeyd edib ki, İran imamının Azərbaycana qarşı etdiyi təhdidi normal və təbii hesab edir:
“Çünki həmin o mollalar Ermənistanla “Bir millət, iki dövlət” olduqlarını bəyan edirdilər. Təbii ki, məscidləri dağıdılmış, müsəlmanları qətlə yetirmiş qüvvələrə dəstək verməkləri bu insanların mahiyyəti barədə bütün islam dünyasına çox ciddi bir siqnaldır”.
Lakin Asim Mollazadə Amilinin hədələdiyi deputatın özünün olmadığına əmindir.
“Mən əminəm ki, o deputat mən deyiləm. Çünki mən heç vaxt İranda olan narkotiklər barəsində açıqlama verməmişəm. Mənim tənqidim yalnız siyasi olub”, - deyə millət vəkili fikrini tamamlayıb.
“Bizi həmişə şantaj edirlər də...”
Xameneinin Ərdəbil nümayəndəsi hədələdiyi ehtimal olunan digər millət vəkili Fazil Mustafa isə bu mövzuda həmkarından fərqli düşünür. Çünki o, dəfələrlə İran tərəfindən və onların Azərbaycandakı nümayəndələrindən təhdid aldığını qeyd edib.
“Onsuz da hər gün İran vasitəsilə ora bağlı qüvvələr tərəfindən əleyhimizə kifayət qədər təhqiredici kampaniyalar aparılır. Maraqlıdır ki, bu təşviqatda onlar tək deyillər, onlarla birgə Xalq Cəbhəsinin qalıqlarından bir qismi də bizə qarşı eyni platformadan çıxış edirlər”.
Deputat Ərdəbil imamının nitqində dəqiq onu nəzərdə tutub tutmadığı barədə dəqiq məlumat verə bilməyəcəyini desə də...
“Yeni Şəfəq”ə verdiyim açıqlamalarım nəzərdə tutulursa...
“Ola bilər Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi “Yeni Şəfəq”ə verdiyim açıqlamalarımı nəzərdə tutur. Düzdür, mən hər zaman müsahibələrimdə, açıqlamalarımda Azərbaycana narkotik vasitələrin İran tərəfindən ötürüldüyünü demişəm. Amma konkret olaraq onun qeyd etdiyi frazanın müəllifi mən deyiləm. Ancaq bütün bunlara baxmayaraq biz istər şir, istər tülkü olsun onların qarşısında dövlətçiliyimizi sona qədər qətiyyətlə qoruyacağıq. Bu işdə ünvanımıza səslənən bu cür ifadələr bizi narahat etmir. Çünki bu birinci dəfə deyil. Bizi ancaq narahat edən məsələ xeyli başı boş, danabaş soydaşlarımızın bu xətdə durub, öz dövlətinə və millətinə qarşı düşmən mövqeyində olmasıdır, üzücü olan budur”.
MÖVZU İLƏ BAĞLI:
Ərdəbil imamı Azərbaycanı hədələdi – VİDEO
Azərbaycanlılardan Azərbaycana qarşı istifadə edirlər
Sonda isə Fazil Mustafa qeyd edib ki, İranda Azərbaycana qarşı olan qüvvələrin xeyli hissəsi azərbaycanlıdırlar.
“Çünki onlar həmin soydaşlarımızın içindən ən savadsızlarını tapıb Azərbaycana əleyhinə yönləndirə bilirlər. Görünür bizdə professor adını payladıqları kimi, orada da ayətullah titulunu elə paylayırlar. Amilinin o cür boş sözləri Azərbaycan üçün heç bir təhdid ola bilməz! Sadəcə, mənə maraqlıdır bunlar niyə belə narahatdırlar?”
Vüsalə Balayeva, Bizim.Media