“Azərbaycan balanslaşdırılmış siyasətdən imtina etməyə məcburdur”
Pənah Hüseyn: “Belə bir partlayış hər an ola bilər”
Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı ölkələri arasında keçirilən Vilnüs sammiti və həmin sammitdə müzakirə edilən məsələlər Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi maraqla qarşılanmaqdadır. Azərbaycanın Qərbə inteqrasiyası baxımından olduqca əhəmiyyətli hesab edilən sammitdə Ukrayna tərəfinin assosiativ üzvlüklə bağlı sazişi imzalamaqdan imtina etməsi, Azərbaycanın isə özünü proseslərdən məqsədli şəkildə kənarda qoyması müşahidə edildi ki, bu da Avropaya inteqrasiya ilə bağlı ümidlərin üstündən xətt çəkdi. Vilnüs sammitindən sonra Ukraynanın Rusiya ilə bağlı “yol xəritəsi” ilə çıxış etməsi, Azərbaycanın isə şimala olan bağlılığını aşkar şəkildə ortaya qoyması Gömrük İttifaqı təhlükəsinin yenidən aktuallaşmasına səbəb olmaqdadır. Hələlik rəsmi Bakının öz xarici siyasətində hansı kursu seçəcəyi dəqiq bəlli olmasa da, mövcud iqtidarın dövlətin və xalqın maraqlarına sona qədər sadiq qalacağı fikri müxalif siyasilər tərəfindən o qədər də inandırıcı hesab edilmir. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməklə yanaşı, partiya sədrinin ölkə müxalifətinin mövcud durumu ilə bağlı fikirlərini də öyrənməyə çalışdıq.
- Pənah bəy, Vilnüs sammiti və bu sammitdə baş verən prosesləri necə qiymətləndirirsiniz? Sizcə Azərbaycan bu sammitdə öz maraqlarını kifayət qədər ortaya qoya bildimi?
- Bildiyiniz kimi, Azərbaycanla Avropa Birliyi arasında assosiativ sazişin imzalanması məsələsi Vilnüs sammitinin gündəmində yox idi. Məlum olduğu kimi, Şərq tərəfdaşlığı proqramında iştirak edən post-sovet məkanına daxil olan altı ölkədən biri də Azərbaycandır və Azərbaycan tərəfi də bu sammitdə məlum kateqoriyadan olan ölkələrdən biri kimi iştirak edirdi. Hesab edirəm ki, Azərbaycan Avropaya inteqrasiya istiqamətində real və sürətli addımlarla irəliləməlidir. Bu baxımdan Avropa Birliyi ilə Azərbaycan arasına assosiativ sazişin imzalanması məsələsi də gündəmə gəlməlidir. Bu, Azərbaycanın Qərbə inteqrasiyası baxımından olduqca vacibdir.
- Ukraynada baş verən proseslərin Azərbaycana təsiri gözləniləndirmi?
- Şübhəsiz ki, Ukraynada baş verən olayların Azərbaycana ümumi fonda təsiri var və gələcəkdə də olacaq. Ukrayna müvəqqəti olaraq assosiativ üzvlüklə bağlı sazişi imzalamaqdan imtina etdiyini bildirdi. Azərbaycan isə həmin mərhələyə gəlib çatmayıb. Lakin Gürcüstan və Moldovanın mövqeyini də nəzərə alsaq, söyləmək olar ki, baş verənlər daxili siyasi münasibətlərə də öz təsirini göstərəcək. Bu baxımdan proseslərin Azərbaycan üçün tamamilə təsirsiz ötüşəcəyini iddia etmək olmaz.
- Bəzi siyasilər iddia edir ki, rəsmi Bakının Vilnüs sammitində Qərbə inteqrasiya ilə bağlı kəskin mövqe ortaya qoymaması Azərbaycan hakimiyyətinin Rusiyapərəst mövqeyi ilə bağlıdır. Sizcə doğrudanmı Azərbaycan bundan sonra birtərəfli qaydada Rusiyapərəst mövqe nümayiş etdirəcək?
- Ümumiyyətlə, indiki Azərbaycan iqtidarı balanslı siyasət deyilən məlum siyasi kurs aparmağa çalışır. Daha doğrusu, belə bir kurs son bir neçə ildir ki, aktual idi. Bu siyasəti “nə Rusiya nə Qərb” və ya “həm Rusiya həm Qərb” kimi xarakterizə etmək mümkündür. Lakin mənə elə gəlir ki, artıq belə bir siyasət yürütməyin mümkünlüyü əhəmiyyətli surətdə azalıb. Şübhəsiz, artıq Azərbaycan yaxın gələcəkdə bu məsələdə seçim etmək məcburiyyəti qarşısında qalacaq. Çünki balanslaşdırılmış siyasətin artıq heç bir effekt vermədiyi göz önündədir. Başqa sözlə desək, artıq konkret mövqe ortaya qoymaq bir məcburiyyət kəsb edir.
- Necə hesab edirsiniz, Azərbaycanın Gömrük İttifaqına daxil olması gözləniləndirmi? Sizcə proseslər elə məcrada inkişaf edə bilərmi ki, Gömrük İttifaqı Azərbaycan üçün yeganə seçim variantına çevrilsin?
- İndiki iqtidarın məlum siyasəti həm Gömrük İttifaqına qoşulmamağa, həm də Avropa İttifaqına daxil olmamağa hesablanıb. Yəni bu vaxta qədər vəziyyət bundan ibarət idi. Rusiyanın Gömrük İttifaqı məsələsi yeni yaranmış bir məsələdir. Avropaya inteqrasiya məsələsi isə xeyli zamandır ki, gündəmdədir. Bütövlükdə, Avropaya inteqrasiya strateji bir məsələdir. Gömrük İttifaqı isə Putinin prezidentliyi dövründə irəli sürülən siyasi xətdir. Avropaya inteqrasiyaya uzunmüddətli bir proses kimi baxıla bilər. Bununla bağlı uzun müddət Azərbaycanın qarşısında konkret məsələ qoyulub. Mənə elə gəlir ki, yaxın bir il ərzində Azərbaycan bu məsələlərlə bağlı birmənalı seçim etməli olacaq. Çünki sona qədər mövcud siyasi kursu qoruyub saxlamaq mümkün deyil.
- Bəzi politoloqların fikrincə, Ermənistanın Gömrük İttifaqına üzv olması bu ölkəni Qərbin dəstəyindən məhrum etməklə yanaşı, Azərbaycana Qarabağ problemini həll etmək baxımından yeni fürsətlər yaradır. Bu məntiqi bölüşürsünüzmü?
- Mən bu fikirdə deyiləm və elə hesab etmirəm ki, Ermənistanın Gömrük İttifaqlına üzv olması Qarabağ probleminin həlli məsələsində Qərbin Azərbaycana dəstəyini təmin edə bilər və ya Azərbaycanı qarşısında yeni imkanlar yarada bilər. Ermənistan uzun müddətdir ki, Rusiyanın hərbi-siyasi müttəfiqidir. Gömrük İttifaqından öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub. Ermənistan Rusiyanın müttəfiqi və faktiki olaraq vassalıdır. Lakin bununla yanaşı, Ermənistanın Gömrük İttifaqına üzv olması Qarabağ probleminin həllində hər hansı yeni, əlverişli imkanlar yaratmır. Prosesləri bu şəkildə şərh etmək sadəlövhlükdür. Problemin həlli üçün Azərbaycan tərəfi ciddi addımlar atmalı və Qərbin yardımına bel bağlamamalıdır. Unutmaq olmaz ki, bu, Azərbaycanın problemidir və Qərb bu məsələnin ədalətli həllində Azərbaycan qədər maraqlı ola bilməz.
- Azərbaycanda sosial partlayış təhlükəsi məsələsi hər zaman aktual olsa da, bu barədə verilən bütün proqnozlar heç vaxt öz əməli təsdiqini tapmayıb. Sizcə yeni qiymət artımı belə bir partlayışı tətikləyə bilərmi?
- Sosial partlayış proqnozlaşdırılması çətin olan məsələlərdəndir. Bəzən ciddi qiymət artımları baş versə də, cəmiyyətdə sakitlik olur. Bəzən isə hətta cüzi bahalaşma və ya müəyyən narazılıq belə ciddi sosial partlayışlara gətirib çıxardır. Fakt bundan ibarətdir ki, Azərbaycanda sosial-siyasi partlayış potensialı mövcuddur. Bu inkaredilməzdir. Belə bir partlayış hər an ola bilər. Lakin bunun qiymət artımı, yoxsa tamam başqa bir məsələ ilə bağlı meydana gələcəyini də qabaqcadan proqnozlaşdırmaq müşküldür. Odur ki, bu partlayışın nə zaman, hansı olayla bağlı meydana gələcəyini demək mümkünsüzdür.
- Azərbaycan müxalifətin mövcud durumu ilə bağlı fikirləriniz nədən ibarətdir? Sizcə seçkidən öncəki müxalifətlə seçkidən sonrakı müxalifət arasında hansı fərqlər var?
- Reallıq bundan ibarətdir ki, Azərbaycan müxalifəti seçkilərdən sonra daha da güclənib. Bu bir faktdır. Əgər seçkilərdən əvvəlki müxalifətlə indiki müxalifəti müqayisə etsək, bunu aydın şəkildə görə bilərik.
- Sizcə Milli Şurada sədr dəyişikliyi siyasi mübarizə müstəvisində hansısa dəyişikliyə səbəb ola bilərmi?
- Mən Milli Şuranın üzvü olmadığıma görə bu qurumla bağlı hansısa məsələyə şərh verməyi siyasi etikaya uyğun saymıram. Buna görə də bu sualı cavablandıra bilməyəcəm.
Seymur Əliyev


































































































