Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılan Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və onların həyata keçirilməsi ilə bağlı qurumlararası əlaqələndirmə məsələləri müzakirə olunub.
Samir Nuriyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır.
Bununla yanaşı, müəyyən olunan vəzifələrin yüksək keyfiyyətlə və daha operativ yerinə yetirilməsi üçün Qərargahın, habelə İdarələrarası Mərkəzin nəzdində fəaliyyət göstərən hər bir işçi qrupunun fəaliyyətinin konkret nəticələrin əldə olunması istiqamətində səfərbər edilməsi zəruridir.
İclasda şəhərsalma, enerji təminatı, tarix və mədəniyyət abidələrinin bərpası, təhsil və səhiyyə xidmətlərinin planlı təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib.
Bizim.Media