Prezidentlərin 47-ci görüşünə fərqli reaksiyalar gəldi

Hazırda oxunan: Prezidentlərin 47-ci görüşünə fərqli reaksiyalar gəldi

36970
Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada noyabrın 19-u keçirilən görüşünün nəticələri barədə hər hansı ciddi məlumatlar verilmir. Ancaq işğalçı tərəflə danışıqların davamını faydasız sayanlar hesab edir ki, Azərbaycan nəhayət erməni tərəfinin qarşısında konkret tələblər qoymalı və beynəlxalq hüquqdan yararlanıb torpaqlarının azadlığına qərar verməlidir.

“Əgər Qərb Dağlıq Qarabağ məsələsində təşəbbüsü əlinə alırsa, Ermənistana təzyiq vasitəsi tapmalıdır. Onun sözlərinə görə, Ermənistanın siyasi mövqelərini Moskva müəyyənləşdirir”.


Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş dövlət müşaviri Vəfa Quluzadə Vyana görüşünü dəyərləndirərkən deyib ki, gələcək görüşlər də heç bir perspektiv vəd etmir. Politoloqun sözlərinə görə, bu görüşdən fərqli nəsə gözlənilmirdi: “Azərbaycan prezidentinin siyasi iradəsi daha üstündür. Ermənistan prezidentində isə bu iradə olmayıb və olmayacaq. İki ilə yaxın idi ki, prezidentlər görüşmürdülər. İndi yenidən Qarabağ problemini müzakirə etmək lazımdır. Gec-tez siyasi iradəsi olmayan Sərkisyan Qarabağı qaytarmaq lazım olduğunu anlayacaq”. Hafta.az-a açıqlamasında politoloq deyib ki, 47-ci görüşün digərlərindən fərqli olacağı gözlənilən deyildi: “Qarabağ məsələsini gec-tez ABŞ da dərk edib, qaytarılmasına yardım edəcək. Rusiya isə həmişə ermənilərin yanında olub, yenə də yanlarında olacaqlar. 47-ci görüşün hansısa ciddi dəyişikliklərə səbəb olacağını gözləmirdim”. 


YAP-çı deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə isə dedi ki, prezidentlərin görüşünü “sadəcə bir görüş kimi” dəyərləndirmək olar: “Çünki 2 illik fasilədən sonra dövlət başçıları yenidən görüşdülər və iki ildən sonra ölkə başçıları bir-birinin mövqelərini öyrənə bildilər. Çünki Dağlıq Qarabağ məsələsində tərəflərin mövqeyi tamamilə fərqlidir. Ermənistan hələ də torpaqları azad etməkdən imtina edir. Ancaq bu imtina ən ağır formada Ermənistanın özünə təsir göstərir. Ölkədəki ağır vəziyyət bu gün Ermənistan rəhbərliyini yenidən Azərbaycanla danışıqlara sövq edir”. YAP-çı deputat bildirdi ki, görüşün təfərrüatları barədə rəsmi məlumat verilmədiyindən konkret fikir bildirmək mümkün deyil: “Ancaq artıq növbəti görüşlərin keçirilməsi haqqında ilkin razılıq var. Təqribən iki həftədən sonra xarici işlər nazirlərinin görüşü olacaq. Bundan sonra texniki və məzmun cəhətdən hazırlıqların həyata keçirilməsi ilə yüksək səviyyədə yeni görüşün olması da mümkündür”.  

Qarabağ Azadlıq Təşkilatı bəyanat yayaraq Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü zərərli və milli maraqlara zidd addım kimi dəyərləndirib. Bəyanatda deyilir: “Predmetsiz və mənasız danışıqlar Azərbaycanın milli maraqlarına və torpaqlarımızın işğaldan azad edilməsi işinə xidmət edə bilməz. Azərbaycan hakimiyyəti 2 illik fasilədən sonra prezidentlərarası görüşləri bərpa etməklə prinsipsizlik nümayiş etdirib. Biz hakimiyyətin 2 il ərzində danışıqlardan imtina etməsini təqdir edir və bu istiqamətdə növbəti, daha səmərəli addımlar atacağını gözləyirdik. Təəssüf ki, Azərbaycan rəhbərliyi gözlədiyimizin əksinə olaraq geri addım atdı və mənasız danışıqlar məcrasına qayıtdı. Bu danışıqların davam etdirilməsi status-kvonun saxlanmasına, torpaqlarımızın işğal altında qalmasına xidmət edir. Ona görə də yalnız Ermənistanın və onun havadarlarının maraqlarına cavab verə bilər. Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti danışıqları yalnız o halda davam etdirə bilər ki, beynəlxalq təşkilatlar tərəfindən işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq olunsun və Ermənistanın bütün işğalçı qüvvələri dərhal Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılsın. Bu şərtlər olmadan danışıqların davam etdirilməsi milli maraqlara xəyanət, torpaqlarımızın düşmənə təhvil verilməsindən başqa bir şey deyil. Biz Azərbaycan hakimiyyətindən dərhal danışıqların davam etdirilməsi üçün qəti şərtlərin irəli sürülməsini, bu şərtlər yerinə yetirilmədiyi təqdirdə hərbi əməliyyatlara başlanmasını tələb edirik. Bu işğala son qoymağın vaxtı çatıb, artıq gözləməyə, bu rüsvayçılığa dözməyə yer qalmayıb”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin