Müsavat Gənclər Təşkilatına yeni sədr seçkisindən narazı qalan bəzi müsavatçılar nəticələrin saxtalaşdırıldığını, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının seçki prosesinə müdaxilə etdiyi iddia olunur.
Gənclər təşkilatı sədrliyinə namizəd Rüfət Hacıbəyli səsvermə zamanı, səslərin sayılmasında heç bir saxtakarlıq olmadığını desə də qeyd edib ki, partiyada qurultay maraqları olan bəzi qüvvələr ona qarşı total şəkildə hücuma keçiblər: “Gördülər ki, qurultay qabağı onlara mane ola bilərik, var qüvvələri ilə bizə qarşı açıq hücuma keçdilər. Yaşı 29-dək Müsavat Partiyasının üzvləri səsvermədə iştirak edə bilər. Ona görə də yeni üzvlər cəlb etdilər, rayon təşkilatlarına ciddi təzyiq olundu. Yeni sədr Əhliman Abbasa uğurlar arzu edirəm. Bu, Əhliman-Rüfət mübarizəsi deyil. İnşallah, onunla bir yerdə mübarizə aparacağıq. Bunlar cılız qurultay maraqlarına görə atılan addım idi. Əhliman bəy 1 ay idi xaricdən gəlmişdi. 2 ildən çox idi ABŞ-da idi və gələn kimi qalib oldu. Onun arxasında bizə qarşı qüvvələr dayandığı üçün belə oldu. Seçicilərimizə İcra Aparatının təşkilat komitəsinin işçiləri tərəfindən təzyiqlər oldu”.
Yaranmış vəziyyəti müvəqqəti bir gərginlik adlandıran Arif Hacılının sözlərinə görə, ayrı-ayrı şəxslər məsələnin mahiyyətindən xəbərdar olmadıqları üçün bu cür açıqlamalar verməklə səhv edirlər. Yaxın zamanlarda səhvlərini başa düşərək öz mövqelərindən geri çəkiləcəklər: “Müsavat Gənclər Təşkilatında müəyyən çətinliklər yaranmışdı. Təşkilatda olan rəqabət elə bir şərait yaratmışdı ki, ötən seçkilərdə müəyyən qüsurlar ortaya çıxdığı üçün partiyanın Divanı seçkinin nəticələrini ləğv etmək məcburiyyətində qalmışdı. Noyabrın 17-də isə faktiki olaraq tam demokratik, şəffaf seçki keçirildi və Müsavat Gənclər Təşkilatında yaranmış böhranı aradan qaldırdıq. Gənclər təşkilatının əsas simalarının əksəriyyəti təşkilatın şurasına, nəzarət təftiş komissiyasına daxil oldu. Burada rəqabət aparan tərəflərin paritet əsaslarla seçki komissiyalarının yaradılması tətbiq olundu. 6 seçki komissiyasının üzvündən 3-ü bir, 3-ü isə digər namizədi təmsil edirdi. Seçkinin tam demokratik, ədalətli, şəffaf və azad keçirilməsi ilə bağlı yekun protokola bu 6 komissiya üzvünün hər biri imza atıb. Seçki prosesində iştirak edən müşahidəçilər də seçkilərdə heç bir qanun pozuntusunun olmadığı barədə öz fikirlərini bildiriblər. Təbii ki, seçki prosesindən razı qalan və narazı qalan tərəflər olub. Hesab edirəm ki, bu, müvəqqəti bir gərginlikdir və tezliklə aradan qalxacaq”.
A.Hacılının dediyinə görə, seçici siyahıları Müsavat Partiyasının rayon təşkilatlarının rəhbərləri və təşkilatın ümumi yığıncağını təşkil edən təşkilat komitəsi tərəfindən müəyyənləşdirilib, dəqiqləşdirilib. Müsavat Partiyasının Divanı tərəfindən təsdiq edilib. Seçki siyahılarında adı olan hər kəsin səs verməsi üçün şərait yaradılıb. Müsavat Partiyasının Divanı da noyabrın 17-də Müsavat Gənclər Təşkilatına keçirilən seçkilərin nizamnamənin tələblərinə cavab verdiyini, azad, ədalətli və şəffaf şəkildə keçirildiyini yüksək qiymətləndirib.

































































































