Bu addım səhv addım idi, bir ovuc erməniyə görə, Senat Fransa maraqlarına ciddi zərbə vura bilərdi. Hökumətin mövqeyi bunun qarşısını alsa da prezident kimi bəzi pis tendensiyalara yol açacaq, ona görə də Azərbaycanın daha ciddi cavablar verməsinə ehtiyac var.
Bu sözləri iqtisadçı ekspert Turab Rzayev Bizim.Media-ya açıqlamasında bildirib.
O, qeyd edib ki, Fransa Azərbaycanın Avropada ən əsas tərəfdaşlarından biridir. Bundan başqa Fransa və Azərbaycan arasında qarşılıqlı-mədəni əlaqələr də var:
“Bilirsiniz ki, Azərbaycanda yetərincə fransız litseyləri, məktəbləri və mədəniyyət evləri də mövcuddur. Çox maraqlıdır ki, Azərbaycanda xüsusi ilə Dəmir yollarının və enerji layihələrinin özəlləşdirilməsində Fransa xüsusi iştirak edir. Çünki, Fransa şirkətlərinin bu işdə xüsusi maraqları var. Əgər Fransa mövcud şəraitdə öz maraqlarını qorumaq istəyirsə, ermənipərəst tərəf tutmaq əvəzinə Azərbaycanla əməkdaşlığı qoruyub saxlamalıdır”.
Turab Rzayev “Fransa sübut elədi ki, etibarlı tərəfdaş deyil, o Azərbaycanın etibarını itirmiş oldu. Siyasətdə nə qədər manevrlər olsa da bu cür addımlar dövlətin imicinə xələl gətirir” – deyə fikrini davam etdirib:
“Azərbaycan Fransa ilə olan iqisadi əlaqələrinə yenidən baxmalıdır, ölkəmizdən pul qazanan fransız şirkətlərinin etnik tərkibi araşdırılmalıdır. ATƏT-in Minsk Qrupunda həmsədrliyi də şübhə altına alınmalıdır, tərəf tutan bir ölkədən sülh yaradıcı missiya gözləmək doğru deyil. Fransa kimi tarixi dəyərlərə önəm verən bir ölkə bu cür addımlar atmamalıydı”, - deyə T.Rzayev bildirib.
Ayfər Nizaməddin qızı, Bizim.Media