Rus sülhməramlılarının evə qayıdışı – Konkret tarixi Bakı müəyyən edəcək 

Hazırda oxunan: Rus sülhməramlılarının evə qayıdışı – Konkret tarixi Bakı müəyyən edəcək 

35726

İşğaldan azad olunmuş torpaqlarımızın ermənilər məskunlaşan məntəqələrindən ordumuzun mövqelərinə yönələn təxribat yönümlü hərəkətlərə rus sülhməramlılarının biganə münasibəti rəsmi Bakının səbr kasasını yavaş-yavaş daşırmaqdadır.

Bunu isə, Azərbaycan rəsmilərinin açıqlamalarından aydın şəkildə görmək mümkündür. 

İlk olaraq, 3 gün öncə Rusiyanın “zakupi.com” saytında təşkil olunan tenderdə mövcud olmayan “Dağlıq Qarabağ” adlı republikanın  adının qeyd olunmasına Azərbaycan XİN-dən gələn cavab bunun əyani göstəricisi idi.
 

Daha sonra isə, Prezidentin köməkçisi Hikmət Hacıyev “BBC” -ə verdiyi müsahibəsində “Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının mandatı müzakirə olunur”, - deyə bildirməklə, dövlətimizin mövqeyini Moskvaya bir növ nümayiş etdirmiş oldu.


Daha əvvəl isə, Ağdərədə su anbarı tikməyə başı qarışan rus hərbçilərinə də təkcə Azərbaycan ictimaiyyəti tərəfindən yox, eyni zamanda bir sıra rusiyalı politoloqlar tərəfindən də kəskin reaksiya ortaya qoyulmuşdu.

Rus sülhməramlılarının evə qayıdışı

Təbii ki, bütün baş verənlər Qarabağdakı rus sülhməramlı kontingentinin normalara uyğun fəaliyyət göstərəcəyinə inamın get-gedə daha da azladığının göstəricisidir.

 Bu isə təkcə Azərbaycan tərəfində yox, ermənilərin də mövqeyində öz əksini tapır.

Xüsusilə də, Qarabağda yaşayan ermənilər arasında rus hərbçilərinin özbaşınalıqlarına və səlahiyyətlərindən sui istifadə etmələrinə qarşı narazılıqlar günbəgün artmaqdadır. 

Bu isə iki əsas variantın baş verməsi ehtimallarını xeyli artırıb:

1. Rusiya sülhməramlılarının missiyalarına vaxtından əvvəl yekun vurulacaq.

2. Rus hərbçilər bəyanatda əks olunumuş 5 illik müddət başa çatdıqdan sonra Qarabağı tərk edəcəklər.

İlk ehtimalın baş verməsi heç də uzaq görünmür. Çünki sülhməramlıların davranışları və cəmiyyət üçün açıqlanmayan bir çox məxfi məlumatlar bu addımı qaçılmaz edir.

Hikmət Hacıyevin qeyd etdiyimiz açıqlaması da bu məsələnin çox ciddi olduğuna işarə edir. Yəni sülhməramlıların mandatı hələlik müzakirə mərhələsindədirsə, rus hərbçilər üçün həm yaşıl, həm də qırmızı işığın yanmaq ehtimalı hələ də qalmaqdadır.

Təbii ki, sarı işığın varlığını da unutmaq olmaz. Bu isə müzakirə mövzusu olan məsələdə gözləmə mövqeyinin qorunub saxlanılması deməkdir.

Belə ki, Rusiya sülhməramlıları hələlik bəyanatda əks olunan son tarixə kimi Qarabağda “sülhyaratma” missiyalarına davam edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan niyə himayə olunur? – Rusiyalı politoloqdan SƏBƏBLƏR 


Təbii ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına başlamağın hələki cəhdlərdən o tərəfə keçə bilmədiyini nəzərə alsaq, bu cür qəliz geopolitik situasiyada sülhməramlıların mandatı ilə bağlı dialoqlar da bir qədər uzana bilər.

Üçüncü, yəni rus sülhməramlı kontingentinin 5 ildən sonra hər iki tərəfin mütləq razılığı ilə regionda missiyalarına davam etməsi isə, hazırki durumda reallıqdan xeyli uzaq görünür.

Ümumilikdə isə, Rusiya sülhməramlılarının bölgədə həqiqətən də müvəqqəti olaraq qaldıqlarını indiki vəziyyətdə rahatlıqla söyləyə bilərik.

Moskvanın isə 200 ildən bəri dəyişməyən Cənubi Qafqaz strategiyasını bir neçə il ərzində dəyişib-dəyişməyəcəyini zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin