“Rusiya, ABŞ və Fransanın birbaşa dəstəyi nəticəsində Ermənistan bu gün bir növ özünə arxayınlıq nümayiş etdirir. Əks halda bu yaxınlarda əsir düşən Azərbaycan hərbçisi azad olunardı və 10 Noyabr bəyanatının bəndləri yerinə yetirilərdi”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Rusiyada yaşayan azərbaycanlı jurnalist və politoloq Anar Həsənov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Üçlüyün arasındakı DÖRDÜNCÜ: - İrəvan zamanı uduzur
O, qeyd edib ki, danışıqlar prosesində, ümumiyyətlə Qarabağda gedən prosesləri ermənilər havadarları vasitəsilə uzatmağa çalışırlar.
“Hazırki durum mənə 1994-cü ildə imzalanan Bişkek protokolundan sonrakı uzun, yorucu vəziyyəti xatırladır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla vaxtı uzatmağa çalışır. Bu səbəbdən də 10 noyabar birgə bəyanatın bəndlərinin tamamilə həyata keçirilməsinə ATƏT-in Minsk qrupunun həmsədr olan dövlətləri (ABŞ, Rusiya, Fransa) tərəfindən böyük maneələr var”.
Siyasi analitik həmçinin qeyd edib ki, bunu üçün Azərbaycan əsas bir neçə amilə fikir verməlidir:
“Bu Azərbaycanın öz suveren ərazilərində yolların bağlanması ilə Ermənistana iqtisadi çətinliklər yaratmaqla başlaya bilər. Bundan başqa bu azərbaycanlıların Qarabağın dağlıq hissəsinə köçürülməsi və bərqərar olması və Azərbaycanın orada infrastrukturu bərpa etməsindən, orada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə humanitar aksiyalar və iqtisadi layihələr vasitəsilə inteqrasiya etməsindən asılıdır”.
Anar Həsənov Rusiya sülhməramlıların Ermənistan sərhədində olduğu bir vaxtda danışıqların çox uzanacağını da qeyd edib:
“Əfsusllar olsun ki, bu gün dünyanın əsas gücləri Ermənistandan Azərbaycana yenə də təzyiq vasitəsi kimi istifadə edir, situatsiyanı asanlıqla Azərbaycana təslim etmək fikrində deyil. Bunun nəticəsidir ki, ermənilər hələ də Qarabağın status məsələsini gündəmdə saxlayırlar”.
Politoloq sonda onu da qeyd etdi ki, Azərbaycanın 25-30 il bundan əvvəl, hələ özünün zəif vaxtı bu təzyiqlərə tab gətirə bilibsə və vəziyyəti öz xeyrinə dəyişibsə, indi qalib tərəf kimi bu işin öhdəsindən daha asan gələcək. Çünki regionda Azərbaycansız heç bir layihə həyata vəsiqə ala bilməz.
Vüsalə Balayeva, Bizim.Media