Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışı olub - YENİLƏNİB - VİDEO
Kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. "Bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.
Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək.
Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.
Prezident İlham Əliyevə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalar barədə də məlumat verilib, bununla bağlı videoçarx nümayiş etdirilib.
Bizim.Media