Cəfər Cabbarlının həyatında və ölümündə yatan sirlər hələ də çözülməyini gözləyir. 87 ilin sirr pərdəsi hələ də açılmamış qalır.
Ötən yazımızda da qeyd etdiyimiz kimi, bəzi arxiv sənədlərini araşdıran elm adamları Cəfər Cabbarlının dəfn edildikdən sonra Sovet hakimiyyətinin gizli orqanları tərəfindən beyninin oğurlanaraq tədqiqat üçün Moskvaya aparıldığı haqqında iddia edirlər. Hətta hazırda da dahi dramaturqun beyninin İngiltərənin paytaxtı London şəhərində gizli bir laboratoriyada qorunub saxlanıldığı deyilir.
Bu gün dahi şəxsiyyətin beyni haqqında sirri onun ailəsi ilə çözməyə çalışacağıq.
MÖVZU İLƏ BAĞLI:
Cəfər Cabbarlının beyni harada saxlanılır? – ARAŞDIRMA
Cəfər Cabbarlının yaxın qohumu, şərqşünas alim Vüqar Qaradağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bu fakt barədə ilk dəfə anasından eşidib.
“Anam Gültəkin Cabbarlı hər zaman bu barədə danışardı. Hətta bu barədə Lider televiziyasında çalışdığım zamanlar Rusiyanın Sankt- Peterburq şəhərində yerləşən beyin araşdırmalar institutuna da rəsmi şəkildə müraciət etmişdim. Mərhum operator rejissor Ələkbər Muradov bu işlə bilavasitə məşğul oldu. Daha sonra həmin institut bizə rəsmi olaraq bildirdi ki, belə bir məsələ yoxdur, bu xəbərlər əsassızdır”.
V. Qaradağlı həmçinin qeyd edib ki, Cəfər Cabbarlı hər zaman cəmiyyətə çox maraqlı, tarixdə nadir olan dahi insanlardan olub:
“Ona görə də o daima diqqət mərkəzində olub. Cəfər Cabbarlının beyninin həcmi çox böyük olub. Hətta fotolarına nəzər salsaz, görərsiniz ki, çiyinləri çox kiçikdir. O zamanlar Leninin beyni böyük sayılırdı, təsəvvür edin C.Cabbarlının beyni ondan da böyük idi. (Leninin beyni 1350 qram, Cəfər Cabbarlının beyni isə 2775 qram olub)”.
Qeyd edək ki, Vüqar Qaradağlının anası Gültəkin Cabbarlı dahi dramaturq Cəfər Cabbarlının əmisi qızı olub.
Vüsalə Balayeva, Bizim.Media