ACP lideri, eks-spiker Rəsul Quliyevlə həmin partiyanın sədri Sülhəddin Əkbər arasındakı sensasion telefon söhbətinin yayılması qalmaqallara səbəb olub. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, R.Quliyev telefon söhbətində Milli Şuranın liderlərini aşağılayan ifadələr işlətdiyi üçün onun Milli Şuradan xaric edilməsi haqda təkliflər səslənib. Bununla bağlı həmçinin facebook-da da xəbərlər yayılmışdı.
“Medianews”in araşdırması nəticəsində məlum olub
ki, qurumun rəhbər şəxsləri arasında gedən qeyri-rəsmi söhbətlərdə bu məsələ
ətrafında müzakirələr olsa da belə bir qərar qəbul edilməyib. Belə bir qərarı
yalnız Milli Şuranın sessiyası verə bilər. Ehtimal olunur ki, Milli Şuranın
növbəti sessiyası bu məsələyə münasibət bildirəcək.
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar
Namazov “Yeni Müsavat”a verdiyi açıqlamada Milli Şuranın Rəsul Quliyevi
qurumdan kənarlaşdırması barədə xəbəri təkzib etdi: “Milli Şuranın son sessiyası
bir neçə gün öncə olub. Sentyabrın 24-də isə Seçki Strategiyası Mərkəzinin
iclası olub. Heç bir tədbirdə Rəsul Quliyevlə bağlı müzakirə olmayıb. Digər
tərəfdən, üzvlərin Milli Şuradan uzaqlaşdırılması ilə bağlı mexanizm də yoxdur.
Həmçinin Rəsul Quliyev özü də bu cür telefon danışığı olmadığını, səsinin
montaj edildiyini açıqlayıb. Ancaq mən də baxıram ki, Rəsul Quliyevin Milli
Şuradan çıxarılması haqda informasiyalar yayılmaqdadır. Ola bilər ki, onun
adına çıxılan telefon danışığından kimlərsə narazıdırlar, yaxud da kimsə
haradasa, qeyri-rəsmi şəkildə onun Milli Şuradan uzaqlaşdırılması haqda
danışıb, bu şayiələr də oradan qaynaqlanıb. Fakt isə ondan ibarətdir ki, belə
bir hal yoxdur”.
“Rəsul Quliyevin Milli Şuradan xaric edilməsi ilə
bağlı sosial şəbəkələrdə yayılan informasiya həqiqətəuyğun məlumat deyil”. Bunu
isə avropa.info-ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. Onun
sözlərinə görə, bugünlərdə ümumiyyətlə Milli Şuranın toplantısı keçirilməyib
ki, bu məsələyə də baxılsın. “Bunu yayanlar növbəti təxribata əl atıblar və
Milli Şurada qarşıdurma yaratmaq istəyirlər. Bir də ki, Rəsul Quliyev özünü
müdafiə etməyi bacaran adamdır və o, telefon danışığı ilə bağlı verdiyi
açıqlamada deyib ki, bu montajdır. Qaldı ki, kiminsə Milli Şuradan
çıxarılmasına, bunun üçün qurumun sessiyasının keçirilməsi vacibdir və burada
da məsələlər konsensus yolu ilə həll olunur. Belə bir nə iclas olub, nə də
sessiya keçirilib. Odur ki, bu da növbəti bir yalandır. Vəssalam” - deyə, o
qeyd edib.

































































































