Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, sənədləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Suleymanov və MLI prezidenti Perri Baltimor imzalayıblar.
Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.
Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb.
İkinci mərhələyə əsasən, cari ilin noyabr ayında ANAMA-ya növbəti 6 baş minaaxtaran it təhvil veriləcək, hazırda onlar Texasda təlimlərə cəlb olunub.
MLI tərəfindən ianə edilmiş 8 baş minaaxtaran itin 2022-ci ilin iyun ayında, son 6 baş itin isə 2023-cü ilin iyul ayında gətirilməsi gözlənilir.
Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək. Vəsaitlərin cəlb olunması Azərbaycanın Vaşinqtondakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
ANAMA ilə MLI arasında qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və uğurla davam etməkdədir.
Bizim.Media