Avqustun 25-də Rusiya prezidenti Vladimir Putin və Çinli həmkarı Şi Jinpinq hər iki ölkənin Əfqanıstan məsələsində ortaq maraqlar çərçivəsində çıxış edəcəyini elan edib. Prezidentlər Əfqanıstandan qaynaqlanan təhdidlərə qarşı mübarizə aparmaqda Rusiya və Çinin birlikdə hərəkət edəcəyini, sülhün və təhlükəsizliyin təmin olunmasın uğurunda çalışacaqlarını qeyd ediblər. Vladimir Putin xüsusilə xarici güclərin Əfqanıstana yenidən müdaxiləsinin qarşısını almaqda Rusiya-Çin əməkdaşlığının önəmini vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?
Rusiya və Çin liderlərinin ortaq bəyatının 24 avqustda Əfqanıstanın gələcək taleyinin müzakirə olunduğu G7 ölkələrinin zirvə görüşündən dərhal sonra verilməsi isə xüsusilə diqqət çəkir. Bir sıra eksperlərin fikrincə, Əfqanıstan artıq qlobal güclərin yeni oyun meydanına çevrilib. Və Əfqanstanda faktiki əl dəyişmə prossesi gedir.
- Rusiya və Çin Əfqanıstanda terror qruplarının fəallaşacağından və onlara qarşı istifadə olunacağından narahatdır. Müttəfiqlər terroru sərhədlərinə buraxmaq əvəzinə Əfqanıstanda qarşılamağı daha uyğun hesab edir. Orta Asiya və Sintizyan-Uyğun bölgələri Rusiya və Çin üçün ciddi təhdid bölgələri olaraq qalmaqda davam edir. Əgər Əfqanıstan nəzarətdən çıxarsa, bölgədə sürətlə məskunlaşan terror qruplarının Orta Asiya və Sintizyan-Uyğun bölgələrinə keçmələri üçün heç bir maneə qalmayacaq. Məhz bu prosesin qarşısını almaq və öz daxili təhlükəsizliklərini təmin etmək məqsədilə Rusiya və Çin Əfqanıstanda ortaq hərəkət etməkdə maraqlıdır. Çünki bu istiqamətdə fəaliyyətlər icra olunmasa, Əfqanıstan cəmi 5 il ərzində Orta Asiyaya və Çinə terror ixrac edən bölgəyə çevriləcək.
- Rusiya və Çin Əfqanıstanı təkbaşına nəzarətdə saxlamağın mümkün olmadığını və bunu ciddi problemlər doğuracağını başa düşür. Əfqanıstanın daxili münasibətləri olduqca ziddiyyətlidir və bölgədə mənafe qrupları arasında davamlı konsensusun olmaması hər an mövcud reallıqların dəyişməsi ilə nəticələnə bilər. Bu baxımdan ABŞ-ın bölgədən çəkilməsi, Çin və Rusiyanın burada güclənməsinə imkan verməsi əslində uzun perspektivdə Rusiya və Çini yeni münaqişəyə çəkməyə hesablanmış addımdır. Rusiyanın və ya Çinin təkbaşına bölgədə nüfuz sahibi olmağa çalışması isə SSRİ və ABŞ təcrübəsində olduğu kimi məğlubiyyətlə sona çatacaq. Lakin bunun əvəzinə Talibanı gücləndirmək, iqtisadi və hərbi yardımlarla onu təsir altında saxlamaq bölgədə təhlükəsizliyin təmin olunmasında daha effektiv vasitə ola bilər.
- Rusiya və Çin Əfqanıstanda Talibanın güclənməsini təmin etməklə geosiyasi arenada Qərbin təsir dairəsini zəiflətməyi planlaşdırır. Rusiya və Çin liderləri yaxşı başa düşür ki, Qərb Talibanı öz maraqlarına uyğun şəkildə yönləndirmək üçün yeni təsir mexanizmləri üzərində işləyir. Xüsusilə G7 sammitində Əfqanıstandakı yeni hökümətə münasibətdə müsbət impulsların verilməsi Rusiya və Çin üçün ciddi xəbərdarlıqdır. Əfqanıstan üzərində geosiyasi nəzarətin itirilməsi istər Qərb, istərsə də Çin və Rusiya üçün ciddi təhlükədir.
Qərb Əfqanıstan üzərində nəzarəti ələ keçirsə Talibandan Rusiya və Çinə qarşı istifadə edəcək. Rusiya və Çin isə eyni qaydada Qərbi bölgədən sıxışdırıb çıxarmağa çalışacaq. Artıq heç bir ölkə Əfqanıstanda silahlı müharibə aparmağı düşünmür, əksinə yenicə hakimiyyətə gəlmiş Talibanı öz nəzarətinə keçirmək uğurunda mübarizə gedir.
Araz Əliyev, Bizim.media