Azərbaycanlılar Rusiya Dumasına niyə seçilmək istəmirlər? – Politoloqdan GİZLİ MƏQAMLAR

Hazırda oxunan: Azərbaycanlılar Rusiya Dumasına niyə seçilmək istəmirlər? – Politoloqdan GİZLİ MƏQAMLAR

34219

Sentyabrda Rusiyada parlament seçkiləri keçiriləcək. Seçkiyə bir aydan az vaxt qalmasına baxmayaraq, ölkədə heç bir seçki ab-havası müşahidə olunmur. Bəzi mənbələrin verdiyi proqnozlara görə seçkilərin taleyində fundamental dəyişikliklər gözlənilmir. 

Hər il Rusiya parlamentində seçkilərdə müxtəlif millətlərdən olan deputatlar dumanın kreslolarına layiq görülür. Lakin nədəndirsə biz burada azərbaycanlı təmsilçilərini görə bilmirik.

Elə Rusiyada yaşayan həmyerlimiz jurnalist, politoloq Anar Həsənovla da bu barədə söhbət etdik.

Politoloq Bizim.Media-ya açıqlamasında bildirib ki, Rusiya Dövlət Dumasına sentyabrda keçiriləcək seçkilərdə bir neçə azərbaycanlı iştirak edir.

Ancaq...

“Onlar təmsil etdikləri partiya və regionda nə böyük nüfuz sahibi, nə də xüsusi populyarlığı ilə seçilən vətəndaşlar deyil. Bu arada bir vacib məqama toxunmaq istərdim. Rusiyada azərbaycanlılar ayrıca bir subyektdə məskunlaşmayıblar ki, onların fedaral orqanda təmsil edilməməsi suallar yaratsın. Niyə azərbaycanlı seçildi və yaxud seçilmədi sualı verərkən bilmək lazımdı ki, soydaşlarımız hansısa bölgədə kompakt yaşayıb, böyük çoxluq təşkil etmir ki, onları digər etnik kökənli millət vəkili təmsil etsin və bu haqlı suallara səbəb olsun.
 

Yeganə region Dağıstanın Dərbənd rayonu və Dərbənd şəhəridir ki, orda azərbaycanlılar çoxluq təşkil etsələr də, regionun təmsilçiliyini azərbaycanlılardan say hesabıyla azacıq fərqlə geri qalan ləzgilər edir. Amma bu fakt diskriminasiya kimi yox, fəallıq, mübarizə, rəqabət anlamında başa düşülməlidir”.


Söhbət əsnasında jurnalist qeyd edib ki, Dumada azərbaycanlı deputatın olmaması ilk növbədə insan amili ilə bağlıdır, bu işdə diskriminasiya yoxdur. 

“Daha imkanlı azərbaycanlılar, məsələn Araz Ağalarov yaxud İqor Aşurbəyli deputat olmaq istəsə, düşünmürəm ki, Rusiya dövləti onlara sədd çəksin. Çünki adıçəkilən hər iki şəxs gəlmə və ogey kimi qəbul edilmir və hesab edirəm ki, istədikləri regiondan deputat keçmək şansları var, sadəcə onlar üçün bu mandat maraqlı deyil”.  

A.Həsənov həmçinin deyib ki, bir azərbaycanlının Dumaya deputat seçilməsinin Azərbaycanın və ya vətəndaşlarının xeyrinə nəyinsə dəyişəcəyini gözləmək də sadəlöhvlükdür.

“Məsələn, bir neçə il əvvəl Rusiya və Azərbaycan sərhdlərinin delimitasiya məsələsi Dumada müzakirə edilərkən, qalmaqala səbəb olan Xraxoba və Ulyaroba kəndlərinə görə ləzgi əsilli deputatlar cəmiyyətlərinin (seçiciləri) yox, Kremlin mövqeyini dəstəklədilər. Birdəfəlik anlamaq lazımdır ki, hibrid tipli siyasi sistemlərin qanunvericilik orqanları məzmunsuz üz örtüyüdür. Odur ki, 450 deputat bir və bir neçə nəfərin qəbul etdiyi qərarı legitimləşdirmək üçün ritualı icra edən kəslərdir. Qərbdən fərqli olaraq postsovet məkanında, ələxsüs Rusiyada qanunverici orqan icraedici orqanın fəaliyyətinə nəzarət etmir və onu məhdudlaşdırmır, əksinə möhkəmləndirir, ona opponent deyil.
 

Rusiyada qanunverici orqanın mahiyyəti Çar dövründə təsis edilmiş Dumanın mahiyyəti ilə eynidir”.


Qeyd edək ki, sentyabrın 19-da Rusiyada Parlament seçkiləri keçiriləcək.  30 ildə ilk dəfə ATƏT seçki prosesini izləməyəcək.

Vüsalə Balayeva, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin