“Krım platforması” Ukrayna üçün niyə uğursuz oldu? – 4 SƏBƏB

Hazırda oxunan: “Krım platforması” Ukrayna üçün niyə uğursuz oldu? – 4 SƏBƏB

34015

Avqustun 23-də Ukraynanın paytaxtı Kievdə “Krım platforması” fəaliyyətə başlayıb. Ukrayna 42 ölkə və beynəlxalq təşkilatın qatıldığı platforma sayəsində Krım problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmağı planlaşdırır. Lakin yeni platforma ilə rəsmi Kiyev Krım problemini beynəlxalq ictimaiyyətin diqqətində saxlamağı və problemin həlli üçün zəruri addımların müzakirəsini planlaşdırırdı. 2-3 ildən bir təşkil olunması planlaşdırılan platforma Ukraynanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Lakin bir sıra ekspertlər Krım Platformasının gözlənildiyi ölçüdə uğurlu olmadığını qeyd edir. 

- Platforma Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmək təşəbbüsüdür, lakin Qərb Rusiyaya qarşı yeni sanksiyalarda istəkli deyil. Ukrayna üçün platforma Krım problemi ilə bağlı qırşılıqlı müzakirələrin aparıldığı dəyirmi masadan daha çox konkret nəticələrə hesablanan addımdır. Rəsmi Kiyev Krımın işğalı və burdakı etnik azlıqların hüquqlarının pozulması məsələsini gündəmə gətirməklə Rusiyaya yeni sanksiya imkanlarının yaradılmasına çalışır. Lakin Almaniya başda olmaqla Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində istəkli deyil. 

- Münaqişənin əsas tərəflərindən biri olan Rusiya platformaya dəvət olunmayıb. Platformada Rusiyanın iştirak etməməsi aparılan müzakirələrin tək tərəfli olmasına gətirib çıxarır. Qərb onsuzda, bu günə qədər Rusiya qarşısında Ukraynanın mövqeyini dəstəkləyir, Kremlə qarşı bu və ya digər formada diplomatik addımlar atırdı. Platformaya qatılan digər ölkələrin də Krım böhranında Ukraynanın mövqeyini dəstəklədiyi məlum idi və platformada iştirakı sürpriz hesab olunacaq hər hansı ölkə təmsil olunmurdu. Bu şərtlər platformanın sadəcə Ukraynanın mövqeyini dəstəkləyən tərəflərin ənənəvi görüşü xarakteri daşıması ilə nəticələndi.

- Platformada iştirak edən tərəflər arasında fikir ayrılıqları mövcuddur və bu Rusiyaya qarşı ortaq təsir mexanizminin hazırlanmasına əngəl olur. Platforma çərçivəsində çıxış edən Macarıstan prezidenti Yanoş Ader Rusiyanı tənqid etmək əvəzinə, Ukrayna hökumətinin daxili siyasətini tənqid edib. O, Ukraynada yaşayan digər xalqlar kimi, macarlara qarşı da etnik ayrıseçkiliyə diqqət çəkib və bu addımların demokratiyaya zidd olduğunu qeyd edib. Bu platformada çıxış edən tərəflərin Ukraynanın mövcud problemlərinə münasibətdə prinsipial olmadığının bariz nümunəsidir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Krım Platforması”nda KİMLƏR Rusiyaya qarşıdır? – SİYAHI


- Ukraynanın problemləri Avropanın enerji ehtiyacı ilə müqayisədə ikinci dərəcəlidir və platformanın Avropanın enerji təhlükəsizliyi məsələsində təsir gücü yoxdur. ABŞ və Almaniyanın platformada energetika nazirləri səviyyəsində təmsil olunması da xüsusilə diqqət çəkir. Almaniyanın “Şimal axını - 2” layihəsi çərçivəsində Rusiya ilə yaxından əməkdaşlıq etdiyi və bu istiqamətdə görülən işlərin Almaniya üçün daha öncəlikli olduğu məlumdur. ABŞ-ın isə “Şimal axını - 2” layihəsinə sanksiya tətbiq etməyəcəyini açıqlamaqla Rusiya ilə əməkdaşlığa faktiki olaraq göz yumduğu müşahidə olunur. Qərbin enerji sahəsində Rusiya ilə sövdələşməsi Ukraynanın vəziyyətini daha da ümidsizləşdirir. 

Araz Əliyev, Murad Əhmədov, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin