Qərb qarşısında Şərq ittifaqı – Rusiya, Çin və İrandan böyük həmlə

Hazırda oxunan: Qərb qarşısında Şərq ittifaqı – Rusiya, Çin və İrandan böyük həmlə

34006

Rusiya mətbuatında yayılan xəbərlərə görə şimal qonşumuz Çin və İranla birlikdə 2021-ci ilin sonu və ya 2022-ci ilin əvvəllərində birgə hərbi təlimlər keçirəcəklər. Maraqlıdır ki, bu, sadalanan ölkələrin birlikdə iştirak edəcəkləri ilk belə fəaliyyətdir.

Qeyd edilməli əsas məqam isə ondan ibarətdir ki, təlimlər dünyanın enerji mərkəzi olan Hörmüz körfəzində təşkil olunacaq.

Ümumilikdə, adıçəkilən ölkələrin aralarında müəyyən anlaşmazlıqlar olmasına baxmayaraq, onları birləşdirən önəmli bir nüans var – Qərb düşmənçiliyi. Belə görünür ki, Rusiya, Çin və İran birgə hərbi təlimlər keçirməklə hər biri üçün əsas rəqib olan Qərb qarşısında “gövdə nümayişi” etməyi planlaşdırırlar. 

Lakin 3 ölkənin də sözügedən təlimlər üçün özünəməxsus səbəbləri var.

Rusiyanın Çin və İranla birgə dənizdə hərbi təlimlər keçirməsini Kremlin Qərbə cavab mesajı kimi xarakterizə etmək mümkündür. Belə ki, NATO xüsusilə də son aylarda Rusiyanın burnunun ucunda – Qara dənizdə hərbi təlimlər keçərək Moskvanı bəs qədər narahat edirdi.

Çinin isə birgə təlimlərə maraq göstərmək üçün Rusiya ilə bənzər xüsusi səbəbi var. Belə ki, Qərb ölkələri və onların regiondakı müttəfiqləri bu ilin Cənubi Çin dənizində donanmalarını tez-tez hərəkətə gətirərək rəsmi Pekinin bölgədəki haqq iddialarına qarşı çəpər çəkirlər.

İranın isə Fars körfəzi ilə bağlı problemləri saymaqla bitmir. Lakin ən əsası Ərəb ölkələrinin və İsrailin körfəzdə Tehran tərəfindən təhdid kimi qarşılanan hərəkətlərə yol verməsi, İranın iki böyük güclə birlikdə bunlara cavab verməsini vacib edib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın yeni prezidentindən Azərbaycanla bağlı AÇIQLAMA


Birgə təlimlərin Qərbə güc nümayişindən əlavə başqa hədəfləri də var.

Birincisi, təlimlər, xüsusilə də, İran üçün regional rəqibləri olan Ərəb ölkələri və İsrailin bölgədə artan nüfuzuna qarşı yalnız olmadığını və cavab tədbirləri görməyə hazır olduğunu nümayiş etdirməsi anlamına gəlir.

İkincisi, Çin və Rusiya isə əsas rəqibləri olan ABŞ-a bölgədən kənarda qalmadıqlarını sərgiləyərək, dünya hegemonluğu yolunda önəmli nöqtələrdən biri olan İran körfəzinin də onlar üçün əhəmiyyətini nümayiş etdirməyi hədəfləyirlər.

Üçüncüsü, eyni zamanda sözügedən təlimlər ayrı-ayrılıqda Çin-Rusiya, Çin-İran və Rusiya-İran arasındakı əməkdaşlığın 3 tərəfli formada inkişaf etdirilməsinə marağın böyük olduğunun göstəricisidir.

Ümumilikdə isə, Rusiya, Çin, İran birgə dəniz təlimlərinin Fars körfəzində hərəkətliliyi artıracağını proqnozlaşdırmaq olar. Nəticədə isə, yaxın gələcəkdə oxşar addımın digər region ölkələri və Qərb tərəfindən də atılması mümkün görünür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin