Böyük güclərin Əfqanıstan məsələsi ilə bağlı irəli sürdüyü fikirlərin və səsləndirdikləri iddiaların ardı-arası kəsilmir. Sözügedən aktorların bölgə ilə bağlı sərgilədiyi möveyi isə stabil qalmır. Xüsusilə də, son günlər İngiltərənin problemlə bağlı atdığı addımlarda fərqliliklər müşahidə olunur.
Belə ki, Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Baydenə gözlənilməz təklif edərək, qoşunların Əfqanıstanda saxlanmasının vaciliyini irəli sürüb.
Qeyd edək ki, hələ may ayında Ağ Ev rəhbəri sentyabrın 11-nə qədər bütün birliklərini Əfqanıstandan çıxaracağını elan etmişdi və bununla paralel olaraq Britaniyada oxşar addımlar atırdı.
Digər maraq doğuran məsələ isə, Consonun “G7” sammit sırasında Baydenlə yanaşı, telefon zəngi vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da Əfqanıstan məsələsini müzakirə etməsidir.
Consonu bu qədər tələsiyə salan problem nədir?
Qeyd edilməli nüanslardan biri kimi Ərdoğan-Conson görüşündə əsas müzakirə mövzusunun əfqan mühacirlər məsələsi olduğudur. Son zamanlar Avropa ölkələrinin dərin narahatlığına səbəb olan yeni qaçqın böhranı, görünür, İngiltərənin hökumət başçısının da yuxusunu ərşə çəkib.
Problemə çıxış yolu axtaran Consonun çözüm üçün Əfqanıstanda sülhməramlı missiyasını davam etdirən iki əsas ölkənin başçıları ilə müzakirələr aparması da təbii qarşılanmalıdır. Məsələ ilə bağlı ilk olaraq Ərdoğanla əlaqə saxlanılmasını da ayrıca qeyd etmək lazımdır.
Burdan isə belə nəticəyə gəlmək olar ki, rəsmi Ankaradan istədiyini əldə edə bilməyən London, dərdinə çarə tapmaq üçün Vaşinqtona müraciət edib.
Qərbin çıxış yolları tükənir...
Təbii ki, mühacir problemi Avropa üçün hal-hazırda ən arzuolunmaz məsələlərdən biridir. Belə ki, Pandemiya səbəbdən iqtisadiyyatına dəyən ağır zərbədən sonra, üstəlik qaçqınların yerləşdirilməsi məsələsinin gündəmə gəlməsi Britaniyanın da əməli addımlar atmasını zəruri edib. Nicat yolu axtaran rəsmi Londonun ağlına isə türkiyə gəlib. Belə ki, hələ “Brexit”dən öncə suriyalı miqrantlar probleminin Türkiyəni irəli verərək həll edilməsində mühüm rol oynayan İngiltərə indidə əfqanlarla bağlı eyni taktikadan istifadə etmək istəyib.
MÖVZU İLƏ BAĞLI:
“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?
Lakin Ərdoğan bu dəfə suriyalılara göstərdiyi humanizmi ortaya qoymayaraq, problemin bütün dünyanın ortaq məsələsi olduğunu və ona qarşı hər kəsin əlini daşın altına qoymasının vacibliyini dilə gətirib.
Belə olan halda isə, Consonun Baydenə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.
Belə ki, qoşunların Kabildə saxlanılacağı təqdirdə, Qərb öz vətəndaşlarını və onlarla əməkdaşlıq edən şəxsləri asanlıqla bölgədən çıxara biləcək. Lakin əksi baş verərsə, çarə üçün fərqli yollara əl atmaq lazım gələcək və nəticədə Qərb üçün arzuolunmaz hesab edilən şəxslərin də köhnə qitəyə yolu açılacaq.
Buna baxmayaraq, Co Bayden məsələyə o qədər də isti yanaşmayıb. Çünki ABŞ-ın qaçqın məsələsində duzu Avropaya nisbətən daha qurudur. Belə ki, əfqan mühacirlə qurtuluşu Avropaya getməkdə görürlər və ABŞ-a nisbətən köhnə qitəyə mühacirət etmək daha asan başa gəlir.
Vəziyyətin bu cür cərəyan etməsinin isə hansı nəticələr doğuracağı hələlik qeyri-müəyyən olaraq qalmaqdadır. Lakin görünən qədərilə, Avropanın əfqan mühacirlər problemi ilə üzləşməkdən başqa çıxış yolları artıq tükənmək üzrədir.
Murad Əhmədov, Bizim.Media