Qarabağda yenidənqurma işlərində hansı ölkələr iştirak edir? - SİYAHI

Hazırda oxunan: Qarabağda yenidənqurma işlərində hansı ölkələr iştirak edir? - SİYAHI

33518

44 günlük Vətən Savaşında işğaldan azad olunan torpaqlarda irimiqyaslı yenidənqurma və bərpa işləri davam edir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə isə xarici şirkətlərin də iştirak etdiyi məlumdur.

Daha əvvəl Prezident İlham Əliyev quruculuq işlərinin aparılması dost ölkələrin şirkətlərinin cəlb olunacağını qeyd etmişdi. 

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay



Bizim.Media-nın araşdırmasına görə Qarabağda yenidənqurma işlərində məhz bu ölkələrə məxsus şirkətlər fəaliyyət göstərir:

1. Türkiyə. Həm savaş dönəmində, həm də sonrasında Azərbaycana dəstəyini hər zaman nümayiş etdirən Türkiyəyə məxsus olan şirkətlər Qarabağda görülən işlərdə də ilk olaraq özlərini göstərdilər. Belə ki, artıq bir neçə şirkətlə əməkdaşlıq sahəsində də razılıq əldə olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları isə “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib. 

2. İtaliya. Ölkəmizin haqq savaşında yanında olan ölkələrdən biri də İtaliya idi. İtaliyaya məxsus şirkətlər post-müharibə dönəmində də quruculuq işlərində fəal şəkildə iştirakda maraqlı olduqlarını dilə gətiriblər. “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.


3. İngiltərə. Nəhəng enerji şirkətlərində olan “BP”-də Qarabağda quruculuq işlərində pay sahibi olacaq. Belə ki, Energetika Nazirliyi ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən “BP” tərəfindən Zəngilan-Cəbrayıl bölgəsində 240 MVt gücündə günəş elektrik stansiyası tikiləcək.

4. Çin. Çin şirkətləri də Qarabağda yenidənqurma işlərində fəal şəkildə iştirak edir. Bunu rəsmi Pekinin ölkəmizdəki səfiri Qo Min də təsdiq edib.

5. İsrail şirkətlərinin də Qarabağa yatırım etməkdə maraqlı olduğu dəfələrlə bildirilib. Bundan əlavə, “ağıllı kənd” layihəsinin reallığa dönüşdürülməsində israilli mütəxəssislərin də çalışdığı məlumdur.

6. Macarıstan. Azərbaycan və Macarıstan Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb.

7. Cənubi Koreya şirkətlərinin işğaldan qurtarılmış ərazilərdə fəaliyyət göstərəcəyi də artıq dəqiqləşib. Belə ki,  Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Sonq avqustun 19-da Azərbaycana səfəri zamanı “ağıllı kənd”lərin tikilməsində ölkəsinə məxsus şirkətlərin də iştirak edəcəyini bildirib.

Yenidənqurma işlərində iştirak edənlərdən əlavə bir sıra ölkələrə məxsus şirkətlər də bu istiqamətdə maraqlı olduqlarını dilə gətiriblər. Bunlara Pakistan, Səudiyyə Ərəbistanı, İran, Ukrayna, ABŞ kimi ölkələri aid edə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin