Bu gün bir sıra KİV Azərbaycan Liberal
Partiyasının lideri Lalə Şövkətin Milli Şuranı tərk etməsi haqqında məlumat
yayıb.
Biz yeni siyasi qalmaqal ətrafında yaranan
vəziyyəti aydınlaşdırmaq üçün Lalə Şövkətin müavinlərinə üz tutduq və onlar öz
növbəsində sabiq dövlət katibinin mövqeyini əks etdirən müraciətini
redaksiyamıza təqdim etdilər.
Lalə Şövkət öncə onu qeyd etdi ki, təmsil
olunmadığı təşkilatı tərk edə bilməzdi: "Milli Şuranın yaradılması haqda
danışıqlar Eldar Namazov, AXCP və Müsavat arasında 4 ay müddətində bağlı
qapılar arxasında gedirdi. Yeni layihənin mahiyyəti barədə heç kimin təsəvvürü
yox idi. Mən bu koalisiyanın formalaşdırılmasına ancaq Rüstəm İbrahimbəyovun
zəngindən sonra qoşuldum. O, situasiya haqda mənə məlumat verdi və yeni
müxalifət koalisiyasına daxil olmağımı xahiş etdi. Biz İbrahimbəyovla hələ
Moskvadan yaxşı tanış idik və mən onun təklifini qəbul etdim”.
Liberal partiyanın liderinin sözlərinə görə,
o hələ o zaman İbrahimbəyova deyib ki, Milli Şurada onun üçün qəbuledilməz
insanlar təmsil olunub və onlarla bir masa arxasında oturmağı özünə rəva
bilmir: “Belə razılaşma oldu ki, mən bu təşkilatın tədbirlərində ancaq Rüstəm
İbrahimbəyov Azərbaycana qayıdışından sonra iştirak edəcəyəm. Bundan sonra
Eldar Namazov ilk dəfə mənə yalnız iyun ayında zəng etdi. Sonra isə
R.İbrahimbəyov Rusiya vətəndaşlığı məsələsini həll edə bilməyəndən sonra
E.Namazov, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlu mənimlə görüşə gəldilər. Biz
bu situasiyanı ətraflı müzakirə etdik və mən onlara bildirdim ki, bu layihə nə
strateji, nə taktiki baxımdan düzgün düşünülməyib”.
Lalə Şövkət daha sonra deyib ki, Milli Şurada
olan bəzi insanlar R.İbrahimbəyova dezinformasiya çatdıraraq onu çox pis
vəziyyətdə qoydular: “O, Milli Şuranın sədri seçilən gündən dərhal sonra ona
qarşı çox güclü hücumlar vüsət aldı. Eyni zamanda “Yeni Müsavat” qəzeti Milli
Şuraya və İbrahimbəyova qarşı fəal kampaniya apardı. Bu kampaniyanın
təşkilatçıları belə bir ictimai rəy yaratmaq istəyirdilər ki, guya Milli Şura Rusiyanın
projesidir. Sual olunur: əgər Milli Şura Rusiya layihəsi idisə bəs niyə görə 4
ay aparıcı qərbyönümlü partiyalar bu layihəni işləyib və onun içində çox fəal
iştirak edirdilər?
İndi isə bu qüvvələr bəyan edirlər ki,
müxalifət iki hissədən ibarətdir ”“ heydərçilər və elçibəyçilər, və bu
vəziyyətdə elçibəyçilər revanş götürməlidirlər. Buyurun, revanş götürün. Bəs
onların məhz Elçibəyin şinelindən çıxan partiyalardan ibarət olan İctimai
palatası var idi. Onda Milli Şuraya niyə qatıldılar? Nə işləri var idi orada? Bu
gün, demək olar ki, bunlar Milli Şuranı yenə də İctimai Palataya çevirmək
istəyirlər. Bu nə evcik oyunudur? Bunun nə mənası var idi? Burada nə məntiq, nə
ağıl var".
Lalə Şövkət onu da əlavə edib ki,
R.İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra,
onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı
təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar: “Belə də
mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni
ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam,
Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında
olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar
isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin
səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə
dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirilərsə,
biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün
1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar
olub. Bu tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb.
O da bir tarixdir ki, 1998-ci ildə ANS
telekanalına verdiyi müsahibəsində mərhum Elçibəy açıq bəyan etmişdi ki,
"müxalifət qəzetləri iki siyasətçini vururlar ”“ məni və Lalə
Şövkəti". Bu gün İbrahimbəyova qarşı çirkin kampaniya aparanlar 1998-ci
ildə eynilə çirkin kampaniyanı Elçibəyə qarşı aparırdılar. Tarix və insanlar
bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü
"elçibəyçilər" adlandırırlar? Niyə görə 1998-ci ildə mən Elçibəyin
vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı?. Hamı yaxşı
bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin
görüm, kimdir elçibəyçi?"





























































































