Prezidentin Kəlbəcər mesajı - Hərb, yoxsa Sülh?

Hazırda oxunan: Prezidentin Kəlbəcər mesajı - Hərb, yoxsa Sülh?

33061

İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev ardıcıl olaraq ailə üzvləri ilə birgə işğaldan azad olunmuş ərazilərə səfərlər edir.

Bu səfərlərdə diqqət çəkən əsas məqam Prezident İlham Əliyevin və ailə üzvlərinin hərbi formadan istifadə etməsidir. 

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Şuşa şəhərlərinə təşkil olunan səfərlərdə hərbi formaya üstünlük verilməsi ilk növbədə Ermənistanın destruktiv mövqe sərgiləməsi, bəyanatdan irəli gələn şərtləri qəbul etməməsi və terror fəaliyyətləri ilə bağlı idi. Prezident bu üsulla 10 noyabr və 11 yanvar sülh sazişlərinə baxmayaraq Azərbaycan ordusunun hər zaman adekvat addımlar atmağa hazır olması ilə bağlı qarşı tərəfə açıq mesaj verirdi.

12 may tarixində isə Prezident İlham Əliyev Şuşanı mülki forma ilə ziyarət edərək, münaqişənin son çatdığını, yeni münaqişə ehtimalının mövcud olmadığını vuğuladı. 
 

Lakin 16 avqust tarixində Prezidentin Kəlbəcər və Laçın rayonlarına növbəti səfəri zamanı yenidən hərbi formaya müraciət etməsi xüsusilə diqqət çəkdi. 


Prezidentin nə üçün yenidən hərbi formaya müraciət etdiyi, bu addımı ilə kimlərə hansı mesajları verdiyi isə əsas müzakirə mövzusudur.

Prezident İlham Əliyev Ermənistana Qarabağdakı mövcud realığı dəyişdirməyin mümkünsüz olduğunu göstərir. Son aylarda Qarabağda erməni silahlılarının fəallaşması, Rusiyanın ermənilərin silahlandırılmasında birbaşa iştirakı münaqişəni yenidən alovlandırmaq cəhdləri kimi qəbul olunur. Bunun nəticəsində Ermənistanda münaqişəni davam etdirmək, mövcud reallığı dəyişmək kimi təhlükəli meyllər baş qaldırmaq istəyir.
 

Prezident İlham Əliyevin mesajı isə aydındır: müharibə istəyən müharibə görəcək!


Prezident İlham Əliyevin Türkiyənin “CNN Türk” kanalına müsahibəsində İkinci Qarabağ müharibəsindən hələ də dərs çıxarmayan tərəflərin olduğunu qeyd edirdi. Bu tərəflər Ermənistanı silahlandıran, Qarabağdakı separatçı rejimə dəstək verən ölkələrdir. Məhz onların yardımları ilə Ermənistan atəşkəsi aramsız olaraq pozur və müxtəlif təxribatlara cəhd göstərir.

Bu baxımdan Prezident İlham Əliyev həm də Ermənistanın havadarlarına mesaj verir:
 

Azərbaycanın süverenliyinə qarşı atılan hər bir addımın qarşısı alınacaq!


Bir digər məqam isə Prezidentin hərbi formadan istifadə etməsinə baxmayaraq birinci xanım Mehriban Əliyevanın mülki formada olmasıdır.

Azərbaycan hər zaman müharibəyə hazır olduğu kimi, regionda sülhün və əmin-amanlığın bərqərar olmasında, mümkün müharibə ehtimalının qarşısının alınmasında da maraqlıdır. Regionda müharibə heç bir dövlət üçün sərfəli deyil, davamlı sülh və dövlətlərarası münasibətlərin inkişafı isə tərəflər üçün daha faydalıdır.

Prezidentin Mesajı aydındır: Ermənistanın və ona havadarlıq edənlərin qarşısında iki seçim var, ya yeni müharibə və yeni məğlubiyyət, ya da davamlı sülh və sabitlik. Azərbaycan hər iki seçimə də hazırdır.

Rəvan Əliyev, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin