İlham Əliyevin Türkiyədə ən çox danışılan sözləri... - “CNN Türk” əməkdaşı ilə ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: İlham Əliyevin Türkiyədə ən çox danışılan sözləri... - “CNN Türk” əməkdaşı ilə ÖZƏL MÜSAHİBƏ

33060

Avqustun 15-də Prezident İlham Əliyev Türkiyənin “CNN Türk” kanalına müsahibə verib.
Təkcə Azərbaycan və Türkiyədə yox, eyni zamanda digər ölkələrdə də böyük maraqla qarşılanan reportajın müəllifi Serra Taşqıran müsahibə ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.

 Serra Taşqıran Prezidentlə müsahibədən əvvəl həyəcanlı olduğunu etiraf edib:

“Reportajdan əvvəl içimdə xoş bir həyəcan var idi. Cənab İlham Əliyevin siyasi uğurları, təhsil həyatı haqqında məlumatlı olduğum üçün şəxsiyyətinə böyük hörmətim var idi. Bu hörməti ömür boyu ürəyimdə daşıyacam”.

Reportajın ən maraqlı anlarından biri olan İlham Əliyevin səsləndirdiyi “Nə oldu, Paşinyan” sözləri haqqında danışan Serra Taşqıran Prezidentin həmin vaxtkı səmimiliyini də vurğulamağı unutmayıb:

"“Nə oldu, Paşinyan” sözləri haqda Türkiyədə hər kəs danışırdı. Cənab Əliyevin həmin sözləri, məncə, çox səmimi idi. Çünki o səmimiyyəti hamımız hiss etdik. Bizi gülümsədən sözlər idi. Əslində biz siyasətçilərdən həmişə ciddi sözlər və açıqlamalar gözlədiyimiz üçün buna çox təəccübləndik. Amma İlham Əliyevin bu sözləri sevinclə və səmimiyyətlə söyləməyi bizi çox xoşbəxt etmişdi."



İlham Əliyevin reportaj zamanı açıqlamaları və sərgilədiyi dik duruşu türkiyəli jurnalistin xeyli diqqətini çəkib:

“Əslində, gözlədiyim açıqlamalar idi. Cənab Əliyev reportaj üçün saraya gəldiyi ilk andan etibarən dimdik dayanırdı. Sadəcə fiziki olaraq deyil, sözləri ilə də həmin dik duruşunu sərgiləyirdi. Bununla da İlham Əliyev geri addım atılmayacğını və bu mübarizənin sonuna qədər davam etdiriləcəyini nümayiş etdirmiş oldu. Bizim gözlədiyimizi də elə bu idi və başqa cür düşünülə bilməzdi. Qarşımda sadəcə bir siyasətçi yox, eyni zamanda bir komandan var idi. Onunla tanış olmaq həyatımın ən özəl anlarından biri idi”.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin “CNNTürk” telekanalına müsahibəsi - VİDEO


Türkiyəli jurnalist işğaldan azad olunan torpaqlara etdiyi ziyarətlə bağlı da təəssüratlarını bölüşüb:

“İşğaldan azad olan torpaqların hamısını ziyarət etmək imkanım olmadı. Yalnız Ağdam və Şuşaya getdim. Əslində biraz kədərləndim. İşğaldan azad olunmuş torpaqlar sanki həyata küsmüşdü. Hər yer xarabaya çevrilib. “Burada insanlar necə yaşaya bilər ki”, - deyə özüm-özümə sual verdim. Lakin yenidənqurma işlərinin böyük sürətlə davam etdiyinə şahid olanda çox sevindim. Briqadalar 7 gün 24 saat dayanmadan çalışırlar. Həmin ərazilərin əvvəlkindən daha gözəl olacağına əminəm".

Serra Taşqıran müsahibənin sonunda Azərbaycan xalqına təşəkkür etməyi də unutmayıb:

“Bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Hər kəs çox qonaqpərvər idi və bizi çox gözəl qarşıladılar. Bundan sonra da Azərbaycana tez-tez gəlməyi arzulayıram".

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin