“Milli Şuradakı bəzi qüvvələr hakimiyyəti bizdən daha doğma hesab edir”

Hazırda oxunan: “Milli Şuradakı bəzi qüvvələr hakimiyyəti bizdən daha doğma hesab edir”

33046

“Bəzi qüvvələr Cəmil Həsənlinin iki partiyanın vahid namizədi kimi görür”

 “Bizim bilmədiyimiz, amma İlham Əliyevin bildiyi məsələlər var”

 Mirmahmud Mirəlioğlu: “Bizi əyri görənlər bizi dəyişməyə çalışmasınlar. Əyri gözlərini, anormal düşüncələrini dəyişsinlər”

 Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənlinin Seçki Qərargahının imzatoplama kampaniyası ilə bağlı KXCP-yə min imza yeri ayırması sözügedən partiyanın sədri Mirmahmud Mirəlioğlunun ciddi etirazına səbəb olub. Mətbuata verdiyi açıqlamada AXCP və Müsavatın ünvanına müəyyən ittihamlar səsləndirən M.Mirəlioğlu, C.Həsənlinin namizədliyinin dolayısı ilə bu partiyalar tərəfindən inhisara alındığını bildirib. Milli Şura daxilində baş verən bu ziddiyyət müxalif qüvvələr arasındakı ənənəvi intriqaların yenidən gündəmə gəlməsinə səbəb olub. Baş verənlər KXCP, habelə Müsavat və AXCP-nin Milli Şuradakı hegemonluq cəhdlərindən narazı olan digər qüvvələrin məlum koalisiyadan ayrılması ehtimalını da gündəmə gətirib. Məhz bu səbəbdən də KXCP sədri Mirmahmud Mirəlioğlu ilə söhbətimizdə Milli Şura daxilindəki mövcud durumla yanaşı, ölkə mətbuatında səslənən ehtimalların reallığı ilə bağlı da partiya sədrinin fikirlərini öyrənməyə çalışdıq.

 - Mirmahmud bəy, KXCP-yə min imza yerinin ayrılması ilə əlaqədar olaraq məlum kampaniyada iştirak etməkdən imtina edəcəyinizi bildirmisiniz. Bununla bağlı qərarınız hələ də qüvvədə qalırmı?

 - Bu barədə partiyamızın qərarı yoxdur. Sadəcə, mənim açıqlamam var. Lakin partiya da bu açıqlamanı dəstəkləyir. Biz bizə olan münasibətə adekvat bir münasibət ortaya qoymuşuq. İmzatoplama kampaniyasına gəlincə, hesab edirik ki, Milli Şuradakı partiyalar bu işin öhdəsindən gələcəklər. Hər bir partiya təkbaşına bu işin öhdəsindən gələ bilər. Fəqət onlar bizi belə dəyərləndirdilər və biz də öz növbəmizdə buna uyğun mövqe ortaya qoyduq.

 - Sizcə KXCP-lə bağlı bu cür qərar nə ilə bağlıdır? Doğrudanmı sədri olduğunuz partiya mindən daha çox imza toplamağa qadir deyil?

 - Bizim haqqımızda məlum qüvvələrin nə düşündükləri, hansı qənaətə gəldikləri onların öz məsələsidir. Dünən daha ağrılı bir münasibət sərgilədilər. Hətta “daxili düşmən” ifadəsini işlətdilər. Biz Azərbaycandakı canlıların heç birini Azərbaycan üçün düşmən hesab etmirik. Biz Allahın yaratdıqlarına bu cür yanaşmağı doğru saymırıq. Bu açıqlama isə onların ağlının, idrakının məhsuludur. Onlar “daxili düşmən” deyə xitab edirlər. Sizin sualınızın cavabı həmin açıqlamada, konkret desək “düşmən” sözündədir.

 - Cəmil bəy KXCP-yə olan bu münasibətlə bağlı hər hansı bir mövqe ortaya qoyubmu?

 - Bilmirəm. Bu barədə mənim məlumatım yoxdur. Amma deyirlər ki, müəyyən mövqe və fikirlər səslənib. Mən Cəmil bəylə sonuncu dəfə onun namizədliyi irəli sürülən gün görüşmüşəm. Onu ilk təbrik edən mən olmuşam. Əlini sıxıb uğur diləmişəm. Bundan sonra başqa tədbirlərdə iştirak etmişəm, Azərbaycandan kənarda olmuşam və s. Cəmil bəyi də görməmişəm.

 - KXCP-yə qarşı ədalətsiz münasibət davam edəcəyi təqdirdə Milli Şuranı tərk edəcəksinizmi?

 - Sabah İdarə Heyətinin  toplantısında bu və digər məsələlər müzakirə olunacaq. Amma bizə düşmən kimi baxanlar belə bizə münasibətlərini bu şəkildə davam etdirsələr də, biz mövqeyimizdən çəkinməyəcəyik. Kimsə bizə əyri baxır deyə tutduğumuz mövqeyi tərk etməyəcəyik. Əgər kimsə bizə əyri baxırsa bizdən öz mövqeyimizdə hansısa dəyişiklik etməyi gözləməsinlər. Onlar gedib əyri gözlərini, anormal düşüncələrini müalicə etsinlər. Kiminsə əyri görüb, pis düşünməsindən bizə nə? Biz yenə də öz fəaliyyətimizi davam etdirəcəyik. Bu məsələdə ortaq razılaşma da var. Mili Şurada birgə fəaliyyətlə bağlı razılaşma var. Proseslərin sonrakı inkişafı zaman göstərəcək. Özünüz də şahid oldunuz ki, Milli Şuranın ilk vahid namizədi yalnız bir neçə gün ərzində bu statusda qaldı. Sonra situasiya dəyişdi və yeni vahid namizəd oldu. Proseslərin sonrakı mərhələsində isə bəlli oldu ki, sən demə bu vahid namizədi heç də hamı Milli Şuranın vahid namizədi kimi görmürmüş. Bəzi qüvvələr onu cəmi iki partiyanın vahid namizədi kimi görürmüş. Yəni C.Həsənli daha çox iki partiyanın vahid namizədi imiş. KXCP-yə münasibət o qədər gözlənilməz oldu ki, hətta hakimiyyətin ən gözəl təbliğatçılarından, hakimiyyətin bütün siyasətini uğurlu sayan və onu alqışlayan VHP ilə müqayisədə belə geridə olduq. Habelə bəlli oldu ki, bəzi adamların hakimiyyətə münasibəti əslində göründüyündən daha loyaldır. Bəzi qüvvələr hakimiyyəti daha doğma hesab edir, nəinki bizi.

 - Cəmil Həsənliyə daha çox AXCP və Müsavatın namizədi kimi yanaşıldığını iddia edirsiniz. Sizə elə gəlmirmi ki, Milli Şuranın vahid namizədini bu şəkildə özününküləşdirmək bu qurumda təmsil olunan digər partiyalara hörmətsizlikdir və bu, həmin partiyalara Milli Şuranı avtomatik olaraq tərk etmək haqqı verir?

 - Bilirsiz, belə çıxır ki, hər kəs bunların məsləhətinə görə təşəkkür etməli, imza toplamağı bunların ixtiyarına buraxmalıdır. Lakin hesab edirəm ki, bu məsələlər həm də Cəmil bəyin münasibətini gözləyir. Ya baş verənlərin fövqündə dayanaraq bunları xırda məsələ saymalısan. Ya da baş verənlərlə bağlı mövqe sərgiləməlisən. Əgər bu, xırda məsələ sayılacaqsa, o zaman kimlərinsə başqalarına düşmən deyərək xırdalanması nəyə lazımdır?  Biz Milli Şuraya kiminsə bizə olan münasibətinə görə gəlməmişik. Biz mövcud problemlərini həll etmək, millət üçün birgə nicat yolları axtarmaq üçün gəlmişik. Milli Şuraya gələndən sonra bəli oldu ki, bəzi adamlar öz rəhbərliklərini bu qurumun başına təhkim etmək üçün başqa adlarla təqdim ediblər. Yəni fərqli qurumların nümayəndələri kimi göstərirlər. Bunu hər kəs bilirdi və hər kəs də susurdu.

 - Bəs niyə zamanında heç kim baş verənlərlə bağlı öz etirazını bildirmədi?

 - Hər kəs abrını gözləyərək susmağa qərar vermişdi. Onlar millətin mənafeyini, yeni yaranan qurumun birliyi mənafeyini deyil, öz abrını gözləyirdi. Bu da doğru deyil. Bütün bunların nəticəsidir ki, bu cür arzuedilməz olaylar baş verir və siz o qənaətə gəlirsiniz ki, bəlkə siyasi partiyaların Milli Şuradan ayrılmasının  bünövrəsi qoyulur. Məncə, belə deyil. Bizə olan münasibət bizi getdiyimiz yoldan, nail olmağa çalışdığımız məqsəddən döndərməyəcək. Repressiyalar, illərlə qeydiyyatsız qalmalar və s. münasibətlər bizi doğru saydığımız yoldan döndərməyibsə, ayrı-ayrı adamların cürbəcür səslər çıxartması belə bizi bu yoldan döndərməyəcək.

 - Milli Şuradan kənarda qalan partiyaların gec də olsa bu koalisiya ətrafında birləşdirilməsi ilə bağlı hansısa fəaliyyət proqramı mövcuddurmu?

 - Bildiyiniz kimi, Milli Şura fakt qarşısında qaldığı üçün çox sürətlə yaradıldı və vahid namizəd məsələsini də operativ şəkildə həll etmək məcburiyyətində qaldı. Təşkilatı işlər və s. kimi məsələlər isə qaldı. Əgər Milli Şura qalacaqsa, o zaman bu məsələlər seçkidən sonrakı zamanın əsas məsələlərindən biri olacaq. Seçkidən sonra müəyyən bir zaman ərzində Milli Şurada olanlarla bu qurumdan kənarda olan qüvvələrin mövqeyində ciddi oxşarlıq və yaxınlıq olacaq.

 - Son vaxtlar prezident İlham Əliyev bir-birinin ardınca verdiyi sərəncamlarla ayrı-ayrı sosial təbəqələrin maddi durumunun yaxşılaşması məqsədi ilə onların əmək haqqı və müavinətlərində müəyyən artımlar etdi. Sizcə bu, ölkə başçısının xalqa olan qayğıkeş münasibətinin təzahüridir, yoxsa sadəcə olaraq  seçkiyə hesablanan və müsbət imic formalaşdırmaq naminə həyata keçirilən addımlardır?

 - Bu, ola bilsin ki, iqtidardakı hansısa məsləhətçilərin və ya institutların təşəbbüsü ilə atılan addımlardır. Bildiyiniz kimi, ölkə başçısına müxtəlif məsələlərlə bağlı  məsləhətlər verən, bu sahələrlə bağlı onu məlumatlandıran şəxslər olur. Çox güman ki, bütün bunlar onların təklifidir. Amma bunların hamısı əks-effekt verən təkliflərdir. Əgər hesablamalar olsa, bu hesablamaların nəticəsi göstərər ki, əslində bu artımların hamısı olduqca cüzidir. Yəni bu artımlar 1-2 və ya 5 manat məbləğindədir ki, bunu da ciddi artım və ya əhəmiyyətli irəliləyiş hesab etmək mümkün deyil. Bu artımların nə xalq, nə də iqtidar üçün xeyri yoxdur. Əksinə, bu addımlar indiki mərhələdə iqtidarın əleyhinə işləyir. Mən bunu uğursuz siyasət kimi qiymətləndirirəm. İqtidardakı ideoloqlar hesab  edir ki, seçki ərəfəsində bu cür addımların atılması müsbət təsir göstərə bilər. Lakin bu addımların ciddi bir nəticəsi olmayacaq və İ.Əliyev də bu addımların nəticəsini görəndə həmin təklifi verən şəxsləri hökmən cəzalandıracaq. Bu cəzalandırma seçkidən öncə olmasa belə, seçkidən sonra mütləq olacaq. Bu gün bizim bilmədiyimiz, amma İ.Əliyevin bildiyi məsələlər var. Seçkinin dəqiq nəticəsi onun stolunun üstündə olur. Bizə çatdırılan informasiyalar isə qeyri-dəqiq olur. Bu nəticələrin təhlili isə təbii ki, İ.Əliyevi qane edə bilməz. Bu səbəbdən də bu gün ölkə başçısını bu cür addımlar atmağa sövq edənlərin yaxın gələcəkdə cəzalandırılacağı birmənalıdır.

 

Seymur Əliyev (“Hürriyyət” qəzeti)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin