“Vətən Naminə Xalq Birliyi” (VNXB)
Hərəkatı builki prezident seçkilərində Heydər Əliyev Fondunun prezidenti,
deputat Mehriban Əliyevanın namizədliyini irəli sürdüyü barədə bəyanat yayıb.
Moderator.az-ın“Turan”a istinadən məlumatına görə, bəyanat müəllifləri
namizədlikləri qeydə alınan prezidentliyə iddialıların bəzilərini şəxsi
keyfiyyətlərinə, bəzilərini həmin namizədi əhatə edən qüvvələrin xalq arasında
nüfuzunu itirmələrinə görə prezident olmağa layiq görmürlər. Hərəkat
prezidentliyə namizədlikləri irəli sürülən bütün iddialıların xalqın
tələblərinə cavab verə biləcəklərinə şübhə etdiyini bildirir. Bu səbəbdən
M.Əliyevanın namizədliyini ən məqbul sayırlar. Hərəkat apardığı sorğunun
nəticələrinə görə, M.Əliyevanın xalq arasında böyük nüfuza, etibara malik
olduğunu iddia edir, ölkənin bütün problemlərinin öhdəsindən gələcəyini
vurğulayır. Həm də M.Əliyevanın bütün rəqiblərinə böyük üstünlüklə qalib
gələcəyi proqnozunu verir. “Xalqın, vətənin gələcəyi naminə Mehriban Əliyevanın
namizədliyini dəstəkləyir, bu yolda bütün imkanlardan istifadə etməyi qarşıya
məqsəd qoyuruq”, deyə müəlliflər mövqelərini ortaya qoyurlar.
Müəlliflər qəbul etdikləri qərarın bu günün tarixi
tələbindən irəli gəldiyini deyərək, M.Əliyevanın müsbət cavab verəcəyini bəyan
edirlər.
Xatırladaq ki, VNXB 2013-cü ilin iyununda “Tövbə”
cəmiyyətinin, “İmam Hüseyn” dini icmasının sədri Hacı Əbdülün başçılığı altında
yaradılıb. Hərəkata “Tövbə” cəmiyyətilə yanaşı, “Bakı-Dirçəliş”, “Azərbaycan
Tərəqqi Alyansı” və s. qurumlar daxildir.
Təbii ki, seçki prosesinin ən önəmli bir
mərhələsində belə bir təşəbbüsün irəli sürülməsi bir qədər təəccüb doğurur. Politoloq
Ərəstun Oruclunun fikrincə, indiki situasiyada bu təşəbbüsün hakimiyyətin
siyasi maraqları çərçivəsində ola biləcəyi qətiyyən inandırıcı deyil:
“Hakimiyyətin prezidentliyə namizədinin məhz dövlət başçısı İlham Əliyevin
olduğu artıq hər kəsə bəlli olan məsələdir. Artıq onun sənədləri MSK-ya təqdim
olunub, lazım olan imzalar da toplanıb və İlham Əliyevin namizədliyi də
təsdiqlənib. İndi belə bir təşəbbüsün hakimiyyətin siyasi maraqlarına cavab
verdiyinə inanmaq çətindir. Yəni bu təşəbbüsün hakim siyasi dairələrdən gələ
biləcəyi real görünmür. Əgər, hakimiyyətə belə bir təşəbbüs lazım olsaydı, bunu
daha əvvəllərdən edə bilərdilər”.
Ə.Oruclu bu təşəbbüsün arxasında Cənubi Qafqaz
regionunda cərəyan edən proseslərin əsas oyunçularından birinin dayana
biləcəyini də istisna etmir: “Ola bilər ki, kimlərsə Azərbaycanda bir az da
olsa, siyasi canlanma yaratmaq niyyətinə düşüb. Ancaq namizədlərin irəli
sürülməsi mərhələsinin sona çatmaqda olduğu bir vaxtda hakimiyyətin belə bir
təşəbbüsə qətiyyən ehtiyacı yoxdur. Bu baxımdan, həmin təşəbbüsün hakim siyasi
dairələrdən gələn istək ola biləcəyi şübhə doğurur. Əgər, hakimiyyətin buna
ehtiyacı olsaydı, onda həmin təşəbbüsü Hacı Əbdülün deyil, daha nüfuzlu və
ciddi bir siyasi qüvvənin vasitəsiylə gündəmə gətirə bilərdi”.



































































































